AzTV-nin İranın "qara siyahısı"na salınması – və ya həqiqətin səsi həmişə hədəfdə olur

29 İyul 2026 18:42 (UTC+04:00)

İranın Azərbaycanın dövlət televiziya kanalı – AzTV-ni "qara siyahı"ya daxil etməsi ilk baxışdan media sahəsi nə aid qərar kimi görünsə də, əslində, bu addım daha geniş siyasi və geosiyasi məna daşıyır. Bu, təkcə bir televiziya kanalına münasibət deyil, həm də Azərbaycanın informasiya siyasətinə, ölkənin beynəlxalq nüfuzuna və milli maraqlarını qətiyyətlə müdafiə edən media xəttinə verilən reaksiyadır.

Müasir dövrdə dövlətlər arasındakı rəqabət təkcə siyasi, iqtisadi və hərbi müstəvidə deyil, informasiya məkanında da gedir. İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin əsas elementlərindən birinə çevrilib və güclü media qurumları dövlətlərin "yumşaq güc" siyasətinin mühüm vasitəsi hesab olunur.

Azərbaycanın son illərdə beynəlxalq mövqeyinin güclənməsi, Qarabağda həyata keçirilən bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramı, enerji və nəqliyyat layihələri barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması informasiya müstəvisində də rəqabəti gücləndirib. Bu prosesdə AzTV Azərbaycanın milli maraqlarını ardıcıl şəkildə müdafiə edən əsas informasiya platformalarından biri kimi çıxış edir.

Kanal son illərdə müasir media standartlarına uyğun inkişaf edərək analitik proqramlar, sənədli filmlər və xüsusi reportajlar vasitəsilə Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya çatdırır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərinin, yeni yaşayış məntəqələrinin və Böyük Qayıdış proqramının işıqlandırılması, eyni zamanda ölkəyə qarşı aparılan dezinformasiya kampaniyalarına faktlara əsaslanan cavablar AzTV-ni informasiya cəbhəsinin aparıcı iştirakçılarından birinə çevirib.

Məhz buna görə də kanalın hədəfə çevrilməsi təsadüfi görünmür. İnformasiya müharibələrinin geniş vüsət aldığı bir dövrdə həqiqəti və faktları əsas götürən media qurumları müxtəlif təzyiqlərlə üzləşirlər. Bu baxımdan AzTV-nin "qara siyahı"ya salınması onun informasiya məkanında təsir imkanlarının artdığını və fəaliyyətinin diqqət mərkəzində olduğunu göstərən amillərdən biri kimi qiymətləndirilməlidir.

Azərbaycan mediası son illərdə həyata keçirilən islahatlar, rəqəmsallaşma və peşəkar jurnalistikanın inkişafı sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. AzTV də bu prosesin aparıcı iştirakçılarından biri olaraq ölkənin informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə və milli maraqların müdafiəsinə mühüm töhfə verir.

İranın bu qərarı, həqiqətin yayılmasının qarşısını ala bilməz. Əksinə, belə addımlar milli medianın məsuliyyətini daha da artırır və obyektiv informasiya siyasətinin əhəmiyyətini bir daha ön plana çıxarır.

Bir sözlə, AzTV-nin İranın "qara siyahısı"na salınması yalnız media ilə bağlı qərar deyil, regionda gedən geosiyasi proseslərin informasiya müstəvisindəki təzahürlərindən biridir. Bu hadisə göstərir ki, müasir dünyada dövlətlərin gücü təkcə iqtisadi və hərbi potensialla deyil, həm də təsirli informasiya siyasəti ilə ölçülür. Azərbaycanın informasiya məkanında mövqeyinin möhkəmlənməsi və AzTV-nin bu prosesdə oynadığı rol onun fəaliyyətinin əhəmiyyətini bir daha nümayiş etdirir.

Jalə Əliyeva,

Milli Məclisin deputatı