Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır.
Bəs bu iddia nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Endokrinoloji və Metabolik xəstəlikləri mütəxəssisi Fərid Bayramov SİA-ya açıqlamasında bildirib ki, şirin meyvələrin diabet yaratması ilə bağlı düşüncə el arasında formalaşmış yanlış təsəvvürdür:
“Meyvə qəbulunun birbaşa şəkər xəstəliyinin yaranmasına səbəb olması elmi cəhətdən təsdiqlənməyib. Bu, cəmiyyətdə geniş yayılmış miflərdən biridir və gerçəkliklə əlaqəsi yoxdur. Meyvələrin tərkibində təbii şəkər olsa da, eyni zamanda lif, vitamin, mineral və antioksidantlar da mövcuddur. Bu səbəbdən onların normal miqdarda qəbulu sağlam qidalanmanın vacib hissəsi hesab olunur. Diabetin yaranmasında əsas rol oynayan amillər irsi meyillilik, artıq çəki, fiziki passivlik və qeyri-sağlam həyat tərzidir. Təkcə meyvə istehlakı ilə şəkər xəstəliyinin yaranması arasında birbaşa əlaqə yoxdur. Hər bir qida məhsulunda olduğu kimi, meyvələrin də həddindən artıq qəbulu tövsiyə edilmir. Lakin bu, onların diabet yaratdığı anlamına gəlmir. Meyvələr balanslı qidalanmanın vacib tərkib hissəsidir. Sadəcə porsiya ölçüsünə diqqət yetirmək və qidalanmada ümumi tarazlığı qorumaq lazımdır.
Yay meyvələrindən imtina etmək əvəzinə, onları düzgün və ölçülü şəkildə rasiona daxil etmək daha məqsədəuyğundur. Bu məhsullar həm orqanizmin vitamin və mineral ehtiyacının ödənilməsinə, həm də ümumi sağlamlığın qorunmasına töhfə verir”.