BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) məlumatına görə, qadınlar və qızlar dünya miqyasında insan alveri qurbanlarının ən böyük hissəsini təşkil etməyə davam edir və cinsi istismar əsas zorakılıq forması olaraq qalır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 30-da qeyd olunacaq Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü ərəfəsində insan alveri hallarının kəskin şəkildə artmasını, münaqişə, iqlim dəyişikliyi və məcburi köçkünlüklə əlaqəli artan riskləri vurğulayan UNODC iki il əvvəl hazırladığı hesabatın nəticələrini nəzərdən keçirib.
Çox vaxt müasir köləliyin forması kimi təsvir edilən insan alveri məcburi əmək, cinsi istismar, zorla evlilik, cinayətkar fəaliyyətlər də daxil olmaqla, insanların aldadılması və ya sui-istifadə yolu ilə cəlb edilməsini, habelə girov saxlanılması hallarını əhatə edir.
Hesabatda insan alveri hallarının 25 faiz artdığı, ən böyük artımın isə Saharaaltı Afrika, Şimali Amerika və Qərbi Avropada qeydə alındığı bildirilir.
UNODC bu tendensiyanı silahlı münaqişələr və iqlimlə əlaqəli fəlakətlərin yaratdığı köçkünlüyün artması ilə qismən əlaqələndirir. Qeyd olunur ki, 2020-2023-cü illər arasında müxtəlif ölkələrin hakimiyyət orqanları dünya üzrə 202.478 insan alveri qurbanı müəyyənləşdirib. Uşaqlar bütün qurbanların 38 faizini, qızlar 22 faizini, oğlanlar isə 16% faizini təşkil edib. Yetkinlər arasında qadınların nisbəti 39 faiz, kişilərin isə 23 faizdir.
Qadınlar və qızlar cinsi istismar məqsədilə insan alverinə daha çox məruz qalıblar. Onlar qurbanların müvafiq olaraq 64 və 28 faizini təşkil edirlər. Kişilər və oğlanlar arasında bu rəqəm cəmi 3 faizdir.
Məcburi əmək insan alverinin ən çox yayılmış hissəsi olaraq qalıb və bütün qurbanların 42 faizinə təsir göstərib. Yetkin kişilər bu halların 47 faizini, yetkin qadınlar 23 faizini, oğlanlar 20 faizini və qızlar 10 faizini təşkil edib.
Hesabata görə, həmin müddətdə 162 ölkədən insanlar cinayətkar şəbəkələrin qurbanları olublar. Hesabatda bildirilir ki, mütəşəkkil cinayətkar şəbəkələr insan alverinin əsas hərəkətverici qüvvəsi olaraq qalır. Belə ki, 3121 cinayətkarın iştirak etdiyi 942 məhkəmə işinin təhlili göstərib ki, onların 74 faizi cinayətkar qrup və ya şəbəkənin tərkibində, 26 faizi isə müstəqil şəkildə fəaliyyət göstərib. Məhkum edilmiş insan alverçilərinin 70 faizini kişilər, 28 faizini isə qadınlar təşkil edirlər.