"Rusiya-Ermənistan münasibətlərinə aid məsələlərin müzakirəsində Azərbaycanın adının çəkilməsi doğru deyil" - ŞƏRH

29 İyul 2026 16:25 (UTC+04:00)

"Azərbaycanda Rusiya ilə münasibətlərə hər zaman strateji önəm vermişik. Çünki xarici siyasətdə əsas prinsiplərdən biri qonşu dövlətlərlə mehriban münasibətlərin qorunmasıdır. “Uzaq qonşudansa, yaxın qonşu yaxşıdır” prinsipi Azərbaycanın regionda daim üstünlük verdiyi xarici siyasət xəttini təşkil edib". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, təəssüf ki, zaman-zaman Rusiyadan atılan bəzi addımlar və verilən bəyanatlar Azərbaycan-Rusiya münasibətlərinin tam potensialı ilə inkişaf etməsinə imkan verməyib:

"Bunun nəticəsində bəzi dövrlərdə dinamik inkişaf edən münasibətlərdə durğunluq müşahidə olunub. Hazırda da hesab edirəm ki, bir vaxtlar dinamik inkişaf edən Azərbaycan-Rusiya münasibətləri müvəqqəti durğunluq mərhələsinə daxil olub. Bu isə Azərbaycanın bütün səylərinə baxmayaraq, münasibətləri həqiqi mənada müstəqil dövlətlər arasında olan tərəfdaşlıq səviyyəsində inkişaf etdirmək cəhdlərinin Rusiyada lazımi qarşılıq almamasından irəli gəlir.

Xüsusilə də AZAL-a məxsus təyyarə ilə bağlı baş vermiş hadisə zamanı Rusiyanın zəruri addımları vaxtında atmaması, hətta bəzilərini bu günə qədər həyata keçirməməsi Azərbaycanda haqlı narazılıq yaradıb.

Bundan başqa, Azərbaycanın artıq həll etdiyi və tarixə qovuşdurduğu Qarabağ problemi ilə bağlı Rusiyadakı bəzi rəsmilərin yanaşmaları da zaman-zaman iki ölkə arasında fikir ayrılıqlarına və münasibətlərdə soyuqluğa səbəb olub. Dəfələrlə şahidi olmuşuq ki, Kreml rəsmiləri regionda Qarabağ münaqişəsinin həllini və yeni geosiyasi perspektivlərin yaranmasını sanki Azərbaycanın rolu olmadan yalnız Rusiyanın, yaxud Vladimir Putinin adı ilə əlaqələndiriblər.

Həmçinin Qarabağ münaqişəsi davam etdiyi dövrdə Dağlıq Qarabağın Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi kimi təqdim olunması da tarixi həqiqətlərə və siyasi reallıqlara uyğun gəlməyən yanaşma idi.

Ən son günlərdə isə Maria Zaxarovanın Qarabağla bağlı KTMT kontekstində verdiyi bəyanat ikitərəfli münasibətlərə ciddi zərbə vurdu. Çünki Azərbaycan dəfələrlə Rusiyaya rəsmi kanallarla bildirib ki, Rusiya-Ermənistan münasibətlərinə aid məsələlər Azərbaycanla əlaqələndirilməməlidir.

Buna baxmayaraq, yenə də KTMT-Ermənistan münasibətlərindən danışılarkən Azərbaycanın adı çəkilir və elə bir təsəvvür yaradılır ki, guya Qarabağ münaqişəsinin davam etdiyi dövrdə Ermənistan Dağlıq Qarabağı öz ərazisinə birləşdirsəydi, Vətən müharibəsi zamanı Rusiya KTMT çərçivəsində tərəddüd etmədən Ermənistanın tərəfində Azərbaycana qarşı müharibəyə qoşula bilərdi. Bu, tamamilə absurddur. Məhz buna görə də Rusiya rəsmilərinin bəzi açıqlamaları iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərir.

Müsbət haldır ki, elə bu günlərdə Azərbaycan Prezidenti Vladimir Putinə zəng edib. Hesab edirəm ki, həmin telefon danışığının əsas müzakirə mövzularından biri də Kremlə KTMT-Ermənistan münasibətləri kontekstində Azərbaycanın adının əsassız və zərərli şəkildə hallandırılması ilə bağlı narazılığın çatdırılması olub.

Bu, Azərbaycan Prezidentinin düzgün mövqeyidir. Rusiya tərəfinə təkrar-təkrar xatırladılmalıdır ki, Rusiya-Ermənistan münasibətlərinə aid məsələlərin müzakirəsində Azərbaycanın adının çəkilməsi doğru deyil.

Bütün bunlara baxmayaraq, Azərbaycan yenə də gələcəyə baxır. Ölkəmiz Avropa, Amerika və Cənub-Şərqi Asiya dövlətləri ilə əməkdaşlığı dinamik şəkildə inkişaf etdirməyə çalışsa da, regionun ən yaxın qonşularından biri olan Rusiya ilə münasibətlərə hər zaman hörmətlə yanaşıb və bu münasibətlərin hər iki tərəfin maraqlarına uyğun inkişafı üçün mümkün imkanlardan istifadə etməyə çalışır".