Azərbaycanda yarım ildə neçə heyvan dişləməsi qeydə alınıb?

29 İyul 2026 16:18 (UTC+04:00)

Ölkəmizdə bu ilin ilk 6 ayında 23 min 293 heyvan dişləməsi qeydə alınıb. Bunlardan 11 min 670-i it və pişiklə əlaqəli olub. 11 min 108 hadisə ilə bağlı isə dişləyən heyvanların it, pişik və ya siçovul olduğunu dəqiq müəyyənləşdirmək mümkün olmayıb. Heyvan dişləməsinə məruz qalanlarların quduzluğa qarşı antirabik vaksinlə əhatə edilməsi təmin olunub. Hazırda tibb müəssisələrində kifayət qədər antirabik vaksin mövcuddur.

SİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.

O bildirib ki, mərkəz quduzluq xəstəliyinin qarşısını almaq üçün operativ epidemioloji nəzarət aparır. Mərkəzin əsas vəzifəsi insanların bu xəstəliyə yoluxmasının qarşısını almaq üçün müvafiq tədbirləri həyata keçirməkdir.

“İstənilən bir heyvanın dişləməsi, cırmaqlaması və ya tüpürcəkləməsi ilə bağlı tibb müəssisələrindən mərkəzə daxil olan təcili bildirişlər dərhal qeydə alınır və epidemioloji araşdırma aparılır. Epidemioloq tərəfindən zərərçəkmiş şəxsin və hadisənin baş verdiyi şərait (heyvanın növü, sahibli və ya sahibsiz olması) barədə ətraflı məlumat toplanılır. İnsanları dişləmiş heyvanlar üzərində nəzarət üçün məlumat baytarlıq idarəsinə verilir. Mərkəz tibb müəssisələrinin quduzluq əleyhinə effektiv vaksinlərlə (antirabik peyvəndlər) və ehtiyac olduqda antirabik immunoqlobulinlərlə kəsintisiz təminatına, zərərçəkmiş şəxslərin vaksinasiya kursunu təyin edilmiş sxem üzrə cəlb olunmasına və müalicəni özbaşına yarımçıq qoymamasına nəzarət edir. Həmçinin tibb işçiləri üçün quduzluq ocaqlarının ləğvi və zərərçəkmişlərə düzgün antirabik yardımın göstərilməsi mövzusunda mütəmadi olaraq seminarlar təşkil edilir. Sahibsiz heyvanların populyasiyasının tənzimlənməsi məqsədilə mərkəz yerli icra hakimiyyəti orqanları və baytarlıq xidməti ilə koordinasiyalı şəkildə işlər aparır”, - deyə Aytəkin Qurbanova vurğulayıb.