Sabirabadda heyvan satışı bazarı fəaliyyətə başlayıb - FOTOLAR

29 İyul 2026 15:55 (UTC+04:00)

Sabirabad rayonunda yerləşən heyvan satışı bazarı fəaliyyətini bərpa edib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, biotəhlükəsizlik tələbləri təmin olunaraq bazar yenidən qurulub.

Bu barədə SİA-ya AQTA-ın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub. Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb.

Eyni zamanda, heyvanların saxlanılması, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub.

Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu,Xaçmaz rayonlarında və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.