Bu ilin yanvar-iyun aylarında (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (202,2 milyon dollar) birinci olub. Qızıl ixracından əldə edilən gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 40,4 faiz çoxdur.
SİA İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla xəbər verir ki, bu siyahıda tomat (163,8 milyon dollar) ikinci, mis filizləri və konsentratları (135,9 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
İyun ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında tomat (44 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (34,5 milyon dollar) ikinci, çiyələk (29,4 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Altı ayda (qeyri-monetar qızıl istisna olmaqla) Rusiya Federasiyasına 596,1 milyon dollar, Türkiyəyə 350,7 milyon dollar, Gürcüstana 279,8 milyon dollar, İsveçrəyə 213,9 milyon dollar, Ukraynaya isə 73,4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Bu ilin iyun ayında Rusiya Federasiyasına 162,4 milyon dollar, Gürcüstana 50 milyon dollar, Türkiyəyə 44,6 milyon dollar, İsveçrəyə 35,2 milyon dollar, Amerika Birləşmiş Ştatlarına 14,4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.