"Prezident İlham Əliyevin Almaniyaya səfəri təkcə diplomatik təmasların davamı deyil, həm də Azərbaycanın yeni iqtisadi inkişaf mərhələsinə keçidinin mühüm göstəricilərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Elnarə Akimova deyib.

Onun sözlərinə görə Bu səfər bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq beynəlxalq tərəfdaşlarına yalnız enerji ixrac edən ölkə kimi deyil, həm də sənaye, logistika, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və yüksək texnologiyalar üzrə etibarlı tərəfdaş kimi təqdim olunur:
"Almaniya Avropa İttifaqının ən böyük iqtisadiyyatına, dünyanın isə ən inkişaf etmiş sənaye potensialına malik dövlətlərindən biridir. Bu ölkə ilə iqtisadi münasibətlərin dərinləşdirilməsi
Azərbaycanın qeyri-neft sektorunun inkişafı baxımından yeni perspektivlər açır. Çünki son illərdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, sənaye zonalarının yaradılması, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması Almaniya kimi yüksək texnologiyalara malik dövlətlərin diqqətini cəlb edir.
Bu gün Azərbaycanın əsas strateji hədəfi iqtisadiyyatın şaxələndirilməsidir. Məhz bu baxımdan Almaniya ilə əməkdaşlıq maşınqayırma, kimya sənayesi, aqrar texnologiyalar, əczaçılıq, rəqəmsal innovasiyalar, peşə təhsili və "yaşıl iqtisadiyyat" sahələrində yeni investisiyaların cəlb olunmasına ciddi təkan verə bilər. Alman şirkətlərinin qabaqcıl texnologiyaları ilə
Azərbaycanın əlverişli coğrafi mövqeyi və zəngin iqtisadi potensialının birləşməsi hər iki ölkə üçün qarşılıqlı faydalı nəticələr vəd edir.
Azərbaycan artıq təkcə enerji istehsalçısı deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm önəqliyyat-logistika mərkəzidir. Orta Dəhlizin əhəmiyyətinin sürətlə artdığı bir dövrdə Almaniyanın bu marşruta marağının yüksəlməsi ölkəmizin tranzit imkanlarını daha da genişləndirə, qeyri-neft gəlirlərinin artmasına yeni impuls verə bilər. Bu, xüsusilə logistika, xidmət sektoru, sənaye istehsalı və ixrac imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Digər mühüm istiqamət isə yaşıl enerjidir. Azərbaycan günəş və külək enerjisi sahəsində iri layihələr həyata keçirir, Qarabağ və Şərqi Zəngəzur "Yaşıl enerji zonası" kimi inkişaf etdirilir.
Almaniyanın bu sahədəki qabaqcıl təcrübəsi və texnologiyaları ölkəmizin bərpa olunan enerji potensialının daha səmərəli reallaşdırılmasına töhfə verə bilər. Bu isə həm yeni istehsal sahələrinin yaranması, həm də minlərlə yeni iş yerinin açılması deməkdir.
Almaniyanın peşə təhsili modeli dünyada ən uğurlu sistemlərdən biri hesab olunur. Bu istiqamətdə əməkdaşlığın genişlənməsi Azərbaycanın əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadr hazırlığının güclənməsinə, sənaye müəssisələrinin peşəkar insan resursları ilə təmin olunmasına mühüm təsir göstərə bilər. Güclü iqtisadiyyat yalnız investisiya ilə deyil, həm də bilik və texnologiyanın transferi ilə formalaşır.
Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan bu gün dünyanın aparıcı iqtisadi mərkəzləri üçün etibarlı tərəfdaş statusunu möhkəmləndirib. Almaniya ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması da məhz bu siyasətin uğurlu nəticəsidir. Bu əməkdaşlıq yalnız bugünkü iqtisadi göstəricilərə deyil, həm də gələcək onilliklərdə Azərbaycanın rəqabətqabiliyyətli, innovativ və dayanıqlı iqtisadi modelinin formalaşmasına xidmət edəcək.
Ən vacib məqam isə ondan ibarətdir ki, bu gün Azərbaycan xarici sərmayəyə ehtiyacı olan ölkə kimi deyil, qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu tərəfdaş kimi çıxış edir. Məhz bu amil Almaniya kimi iqtisadi nəhənglə əməkdaşlığın keyfiyyətini müəyyənləşdirir və qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaradır. Azərbaycanın artan beynəlxalq nüfuzu, siyasi sabitliyi və əlverişli biznes mühiti ölkəmizi Avrasiyanın ən cəlbedici investisiya məkanlarından birinə çevirir. Bu isə Prezident İlham Əliyevin düşünülmüş iqtisadi strategiyasının və uzaqgörən dövlət siyasətinin real nəticəsidir".