"Yaxın Şərqdə Hörmüz boğazında İran ətrafında baş verən müharibə təbii ki, hər keçən gün, hər keçən zaman ayrı-ayrı geosiyasi kontekstdə oyunçuları bu savaşa cəlb edir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, bunu açıq şəkildə etiraf eləmək lazımdır ki, biz artıq Üçüncü Dünya savaşının isti fazasına keçid dövrünü yaşayırıq:
"Artıq burada sırf Amerika, İsrail, İran qarşıdurmasından söhbət getmir. Artıq burada yeni oyunçuların – istər Amerika, İsrail tərəfindən Avropa, NATO-nun, Ukraynanın aktiv şəkildə müharibəyə qoşulması, İran tərəfindən isə Rusiyanın, Şimali Koreyanın və dolayısı yolla Çinin müharibəyə qoşulması artıq faktdır, bunu gizlətmək mümkün deyil.
Yayılan məlumatlara görə, İran son məlumatlara əsasən Çindən daşınan hərbi hava müdafiə sistemləri alması ilə bağlı məlumatlar yayılır. Bu, mən deyərdim ki, Çinin və İranın ümumiyyətlə görünməyən hərbi əməkdaşlıq kontekstində sadəcə bir elementdir. Çünki məlumdur ki, İran Rusiya və Çinin nəinki daşınan, daşınmayan və yaxud da ki, digər silahlarından istifadə edir.
Hətta peyk vasitəsilə İran dəqiq ABŞ bazalarına, İsrail hərbi hədəflərinə zərbələr endirir. Nəzərə alsaq ki, İranın hərbi hava hücumlarından müdafiə kompleksi radarları dağıdılmışdır, ona görə böyük ehtimalla bura Rusiya və Çin İrana bu sahədə köməklik göstərirlər.
Necə ki, Amerika və İsrail öz hərbi bazalarının hərbi potensialından tək özlərinkindən yox, həm də Körfəz ərəb ölkələrində, həm Yaxın Şərq coğrafiyasında olan digər ərazilərdə aktiv istifadə edirlər.
Yəni bütün bunlar bir daha bizə təsdiq edir və biz şahid oluruq ki, bu, Üçüncü Dünya müharibəsidir. Burada artıq böyük oyunçuların bu müharibəyə qatılması ilə davam edəcək və çox təhlükəli, təəssüf edici məqam odur ki, artıq iki böyük münaqişə – Rusiya-Ukrayna müharibəsi ilə dolayısı yolla Rusiya-NATO müharibəsi ilə Amerika-İsrail-İran müharibəsi teatr meydanı birləşir.
Bildiyiniz kimi, son günlər İran-Ukrayna arasında baş verən eskalasiya, İrana qarşı Ukraynanın Xəzər dənizində hərbi gəmilərinə, strateji gəmilərinə zərbələr endirməsi göstərir ki, bu böyük teatr meydanı, teatr səhnəsi artıq birləşir və böyük bir müharibə şəklində formalaşmağa başlayır.
Beləliklə, biz Şimal Buzlu okeanından başlamış, Baltik dənizi, Şimal dənizi, yer kürəsinin Şimal qütbündən Hind okeanına qədər, Fars körfəzinə uzanan, hətta Hind okeanına qədər uzanan böyük bir müharibə teatr səhnəsinin artıq formalaşdığının şahidi oluruq.
Bu baxımdan Çinin İrana müvafiq hərbi silah-sursat göndərməsini də təəccüblü qarşılamırıq və beləliklə də bunun geosiyasi hərbi mübarizə fazası olduğunu bir daha təsdiqləmiş oluruq".