"Telefon asılılığı son dövrün ən aktual problemlərindən biridir. İnsanlar peşəsindən, həyat tərzindən və gündəlik ehtiyaclarından asılı olaraq telefondan müxtəlif məqsədlərlə istifadə edirlər. Bu bağlılıq da hər kəsdə fərqli formada özünü göstərir".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Onun sözlərinə görə, bir qisim insanlar işləri ilə bağlı bütün fəaliyyətlərini, bizneslərini və gündəlik ünsiyyətlərini telefon üzərindən qurduqları üçün bu cihazdan daim istifadə etməyə məcbur olurlar:
"Digər qisim insanlar isə işgüzar fəaliyyətlə məşğul olmasalar da, telefona daha çox vaxt ayırır və zaman keçdikcə ona emosional bağlılıq hiss edirlər. Onlar sosial şəbəkələrdən, oyunlardan, müxtəlif paylaşımlardan, rəylərdən və onlayn ünsiyyətdən müəyyən mənəvi və emosional məmnunluq əldə edirlər.
İnsan telefonda hansı fəaliyyətin ona daha çox maraq və fayda verdiyini hiss edirsə, zamanla həmin fəaliyyətə daha çox vaxt ayırmağa başlayır. Telefon vasitəsilə əldə etdiyi məlumatlar, izlədiyi görüntülər və qurduğu virtual ünsiyyət onun psixoloji vəziyyətinə müsbət təsir göstərdiyi üçün bu mühitə daha çox bağlanır. Bəzi insanlar üçün real həyatda dostlarla görüşmək, qonaq getmək və ya şəhərdə vaxt keçirməkdənsə, telefondakı virtual aləm daha rahat və maraqlı görünür.
Hətta insanlar sosial mühitdə olarkən belə telefonlarını əllərindən yerə qoymurlar. Onlar telefon vasitəsilə müxtəlif görüntüləri izləməyi, sosial şəbəkələrdə baş verənləri izləməyi və virtual aləmdə vaxt keçirməyi daha rahat hesab edirlər. Bu isə zamanla insanın özünü rahat hiss etdiyi bir komfort zonasına çevrilir. İnsan həmin komfort zonasından uzaqlaşmaqda çətinlik çəkdikcə telefona bağlılığı daha da güclənir.
Bununla yanaşı, bəzi insanlar telefondan daha məqsədli və səmərəli şəkildə istifadə edə bilirlər. Onlar telefona yalnız ehtiyac yarandıqda müraciət edir, vaxtlarının böyük hissəsini real ünsiyyətə, sosial münasibətlərə və gündəlik fəaliyyətlərə ayırırlar. Belə insanlar telefonun həyatlarını idarə etməsinə imkan vermir, əksinə, telefondan öz ehtiyaclarına uyğun bir vasitə kimi istifadə edirlər.
Telefon asılılığının əsas səbəblərindən biri də bəzi insanların real həyatda əldə edə bilmədikləri emosional məmnunluğu virtual aləmdə axtarmalarıdır. İnsan özünü sosial şəbəkələrdə daha rahat ifadə etdikdə, aldığı mesajlardan, rəylərdən və diqqətdən məmnun olduqda, zamanla həmin virtual mühitə daha çox bağlana bilər. Bir müddət sonra isə gələn mesajlar, bildirişlər və paylaşımlar insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilir.
İnsan özündə telefon asılılığının olub-olmadığını müəyyən etmək üçün bəzən özünə sadə suallar verməlidir: “Telefonum olmasa, nə baş verər?”, “Mən onsuz gündəlik fəaliyyətlərimi davam etdirə bilərəmmi?”, “Telefondan uzaq qalanda özümü necə hiss edirəm?”
Bu kimi suallar insanın öz davranışlarını daha obyektiv qiymətləndirməsinə və telefonla münasibətini müəyyən etməsinə kömək edə bilər.
Reallıq budur ki, müasir insan həm iş fəaliyyəti, həm sosial münasibətləri, həm də gündəlik ehtiyacları baxımından telefondan çox asılı vəziyyətə düşüb. Telefon həyatımızı asanlaşdıran vacib bir vasitə olsa da, onun həyatımızı idarə etməsinə imkan verməməliyik. Telefon bizim istifadə etdiyimiz vasitə olmalıdır, biz isə onun əsirinə çevrilməməliyik".