Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqla enerji sahəsində əməkdaşlığın genişləndiriləcəyini açıqlayıb. O bildirib ki, İraq Türkiyəyə gündəlik 1 milyon barrel neft göndərə biləcəyini bəyan edib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ərdoğan İraqın Baş naziri Əli Əz-Zeydi ilə Ankarada keçirilən görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında iki ölkə arasında enerji, nəqliyyat və müdafiə sahələrində əməkdaşlıq məsələlərinin müzakirə edildiyini bildirib.
Türkiyə lideri qeyd edib ki, bölgədə baş verən proseslər fonunda enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi vacibdir. O, İraq üzərindən dünya bazarlarına çıxışı nəzərdə tutan “Kalkınma Yolu” layihəsinin əhəmiyyətinə diqqət çəkib.
Ərdoğan bildirib ki, Türkiyə ilə İraq arasında xam neft boru kəməri ilə bağlı əvvəlki razılaşmanın müddəti başa çatıb və tərəflər qarşılıqlı faydaya əsaslanan yeni, genişmiqyaslı enerji əməkdaşlığı sazişi imzalamağı hədəfləyirlər.
O, həmçinin Kerkükdəki neft yataqlarında Türkiyə Petrolları şirkətinə (TPAO) tərəfdaşlıq verildiyini və bunun enerji sahəsində mühüm addım olduğunu vurğulayıb.
Prezident Ərdoğan çıxışında İraq Baş nazirinin Türkiyəyə gündəlik 1 milyon barrel neft tədarük edə biləcəklərini söylədiyini qeyd edib. O bildirib ki, bu həcmin Türkiyənin enerji ehtiyaclarının qarşılanmasına töhfə verəcəyi gözlənilir.
Ərdoğan iki ölkə arasındakı iqtisadi əlaqələrin də inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Türkiyə və İraq arasında ötən il ticarət dövriyyəsi 17 milyard dollara yaxın olub və bu göstəricinin daha da artırılması planlaşdırılır.