Fransada yeni isti hava dalğasının təsiri yenidən gözlənilir. Ölkənin cənub-qərbində yerləşən Jironda (Gironde) bölgəsində günlərdir davam edən meşə yanğınları temperaturun yenidən yüksəlməsi ilə əlaqədar bəzi ərazilərdə yenidən güclənib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğınlarla mübarizə məqsədilə bölgəyə təxminən 2 min yanğınsöndürən cəlb olunub. Əvvəllər zərər görmüş 14 fərqli ərazidə alovların yenidən yayılması səbəbindən təhlükə davam edir. Qarşıdakı günlərdə temperaturun 40 dərəcəyə çatacağı proqnozlaşdırılır.
Fransa üzrə son dövrdə isti hava və yanğınlar səbəbindən 220 mindən çox insan təxliyə edilib. Təxliyə olunanların bir hissəsi evlərinə qayıtsa da, bəzi yaşayış məntəqələri hələ də risk altında qalır.
Alovlar Bordo (Bordeaux) şəhərinin mərkəzinə təxminən 15 kilometr məsafəyə qədər yaxınlaşıb. Şəhərin birbaşa təhlükə altında olmadığı bildirilsə də, tüstü və kül səbəbindən bölgədə hava keyfiyyəti ciddi şəkildə pisləşib. Bir sıra restoran və müəssisələr fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Lakanau (Lacanau) yaxınlığındakı düşərgə əraziləri tamamilə boşaldılıb. Yanğınlar nəticəsində təxminən 240 evin zərər gördüyü və ya tamamilə məhv olduğu qeyd edilir.
Bundan əlavə, Var bölgəsində yanğının başlanmasına səbəb olmaqda şübhəli bilinən bir nəfər saxlanılıb. Həmin şəxsi 15 ilədək həbs cəzası gözləyə bilər. Ümumilikdə iyulun 6-dan bu yana yanğınlarla əlaqədar 184 nəfər saxlanılıb.