Nikahın qeydiyyatı üçün əvvəlcədən onlayn növbə necə götürülür?

29 İyul 2026 09:33 (UTC+04:00)

Son illərdə dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar nikahın dövlət qeydiyyatı prosesini də əhəmiyyətli dərəcədə sadələşdirib. Artıq vətəndaşlar nikahın qeydiyyatı üçün ilkin müraciəti elektron qaydada həyata keçirə, qeydiyyat prosesini əvvəlcədən planlaşdıra və müraciətlərinin vəziyyətini onlayn izləyə bilirlər.
Qeyd etmək lazımdır ki, nikahın dövlət qeydiyyatı Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə tənzimlənir və elektron müraciət prosesi bu hüquqi proseduru sadələşdirsə də, nikahın hüquqi qüvvəyə minməsi üçün qanunvericiliyin müəyyən etdiyi tələblər dəyişmir.

Bu sözləri SİA-ya vəkil Səma Əhmədova deyib.


O bildirib ki, nikah bağlamaq istəyən şəxslər ilk növbədə icbari tibbi müayinədən keçməlidirlər. Tibbi müayinənin nəticələri elektron sistemə inteqrasiya olunduqdan sonra myGov platforması vasitəsilə nikahın qeydiyyatı üçün elektron müraciət etmək mümkündür:

”Elektron müraciət zamanı vətəndaş myGov platformasına daxil olaraq "Nikahın qeydiyyata alınması" xidmətini seçir. Sistem tərəflərin məlumatlarını avtomatik yoxlayır, bundan sonra müraciət digər tərəf tərəfindən də elektron qaydada təsdiqlənir. Həmçinin nikahdan sonra istifadə ediləcək soyad, nikah şəhadətnaməsinin hansı qeydiyyat orqanından və ya ASAN xidmət mərkəzindən təhvil alınacağı da elektron şəkildə seçilir.
Elektron müraciətin göndərilməsi nikahın həmin gün qeydə alınması demək deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, bir qayda olaraq nikah ərizə təqdim edildiyi gündən bir ay sonra dövlət qeydiyyatına alınır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş xüsusi hallar olduqda bu müddətin azaldılması və ya artırılması mümkündür.

Müraciət təsdiq edildikdən sonra qeydiyyat orqanı tərəfindən nikahın qeydiyyat tarixi müəyyən edilir və bu barədə vətəndaşa elektron qaydada məlumat verilir. Təyin olunmuş tarixdə hər iki şəxs şəxsən qeydiyyat orqanına gəlməlidir.

Praktikada vətəndaşların ən çox rastlaşdığı suallardan biri də "onlayn növbə" anlayışı ilə bağlıdır. Əslində myGov platforması vasitəsilə həyata keçirilən proses klassik mənada növbə götürmək deyil. Bu, nikahın dövlət qeydiyyatı üçün elektron müraciətin təqdim edilməsi və qeydiyyat prosesinin əvvəlcədən planlaşdırılması mexanizmidir. Yəni vətəndaş əvvəlcədən elektron sistem vasitəsilə müraciət edir, bundan sonra isə müvafiq qeydiyyat orqanı tərəfindən nikahın rəsmiləşdirilməsi üçün tarix müəyyən olunur.
Beləliklə, myGov platforması nikahın dövlət qeydiyyatı prosesini daha çevik və rahat etsə də, qanunvericiliklə müəyyən edilmiş hüquqi prosedurlar, o cümlədən tərəflərin şəxsən iştirakı, qanuni gözləmə müddəti və digər tələblər qüvvədə qalır. Buna görə də vətəndaşlar elektron müraciət etməzdən əvvəl bütün hüquqi şərtlərlə tanış olmalı və prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməlidirlər”.

Ayşən Vəli