“Çin Xalq Azadlıq Ordusu sülh və təhlükəsizliyə töhfə verməyə davam edəcək” - Sonq Jun

28 İyul 2026 19:46 (UTC+04:00)

“Çin Xalq Azadlıq Ordusu 99 il ərzində ölkənin suverenliyinin qorunmasına və beynəlxalq sülhün möhkəmləndirilməsinə mühüm töhfələr verib”.

SİA xəbər verir ki, bu fikirləri Çinin Azərbaycandakı müdafiə attaşesi, baş polkovnik Sonq Jun Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı səsləndirib.

O bildirib ki, 99 il əvvəl yaradılan Çin Xalq Azadlıq Ordusu dövlət və xalqla birlikdə inkişaf edərək ölkənin müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin qorunmasında mühüm rol oynayıb. Onun sözlərinə görə, ordu hazırda müasirləşmənin yeni mərhələsindədir və əsas vəzifəsi Çinin inkişaf maraqlarını qorumaqla yanaşı, regional və qlobal sülhə töhfə verməkdir.

Sonq Jun qeyd edib ki, son illər Çin Xalq Azadlıq Ordusu müxtəlif ölkələrin silahlı qüvvələri ilə əməkdaşlığını genişləndirib, BMT-nin sülhməramlı missiyalarında, dəniz quldurluğuna qarşı mübarizədə, humanitar yardım və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması əməliyyatlarında fəal iştirak edib.

Müdafiə attaşesi vurğulayıb ki, Çin və Azərbaycan arasında qarşılıqlı hörmət və faydaya əsaslanan tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir. Onun sözlərinə görə, hərbi sahədə yüksəksəviyyəli səfərlər, peşəkar dialoq, hərbi qulluqçuların hazırlığı və digər istiqamətlər üzrə əməkdaşlıq ikitərəfli əlaqələrin mühüm hissəsini təşkil edir və gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradır.

Sonq Jun əlavə edib ki, Çin Azərbaycanın regional əlaqəliliyin inkişafı və beynəlxalq əməkdaşlığa verdiyi töhfəni yüksək qiymətləndirir. O bildirib ki, Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır.

Çıxışının sonunda müdafiə attaşesi gələn il Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 100 illiyinin qeyd olunacağını xatırladaraq, Çinin bundan sonra da sülhə, qarşılıqlı hörmətə və ortaq inkişafa sadiq ölkələrlə əməkdaşlığını davam etdirəcəyini vurğulayıb. O, qonaqları Çin Xalq Azadlıq Ordusunun fəaliyyəti haqqında hazırlanmış videoçarxı izləməyə dəvət edib.