Tümen Neft Emalı Zavodu neft emalını tamamilə dayandırıb...

28 İyul 2026 19:07 (UTC+04:00)

...Tümen Neft Emalı Zavodu pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra 25 iyuldan bəri xam neft emalı və neft məhsullarının istehsalını tamamilə dayandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Reuters sənaye mənbələrinə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, RI Invest şirkətinə məxsus neft emalı zavodundakı hücum nəticəsində ildə 2,6 milyon ton tutumlu dizel hidrotəmizləyici qurğuda, eləcə də birləşdirilmiş yüksək oktanlı benzin istehsalı qurğusunda (CHGU) yanğın baş verib.

Reuters mənbələri benzin istehsalı qurğusundakı təmir işlərinin nə qədər davam edəcəyini bilmir.
İldə 9 milyon ton neft tutumuna malik Tümen Neft Emalı Zavodu Rusiyanın ən böyük müstəqil neft emalı zavodudur. Onun benzin kompleksi Amerikanın UOP şirkətinin lisenziyası ilə tikilib və 2018-ci ildə istifadəyə verilib.

İldə təxminən 500.000 ton benzin və təxminən 3 milyon ton dizel yanacağı istehsal edən Tümen Neft Emalı Zavodu, ayın əvvəlindən bəri dron hücumları səbəbindən istehsalı dayandıran altıncı böyük neft emalı zavodu olub.

Bundan əvvəl, "Qazpromneftexim Salavat" neft emalı zavodları (14 iyul), "Rosneft"in Sızran neft emalı zavodu (12 iyul), Saratov neft emalı zavodu (8 iyul), Omsk neft emalı zavodu (6 iyul) və "Lukoil"in "Nijeqorodnefteorgsintez"i (2 iyul) neft emalını dayandırmışdı.

...Energy Intelligence-in hesablamalarına görə, Rusiyada neft emalı həcmi iyul ayında gündə 3,58 milyon barelə düşüb ki, bu da ən azı 2002-ci ildən bəri ən aşağı səviyyə ola bilər. Ayın ikinci yarısında 40 milyon ton tutumlu zədələnmiş neft emalı zavodlarının bəziləri yanacaq satışlarını bərpa edib. Lakin, ildə 45 milyon ton tutumlu böyük neft emalı zavodları hələ də fəaliyyətsizdir.

Əli Babayev