Yay aylarında havanın temperaturunun yüksəlməsi uşaqlarda tərləmənin artmasına və orqanizmdən daha çox maye itirilməsinə səbəb olur. Körpələr və azyaşlı uşaqlar susuzlaşmaya böyüklərlə müqayisədə daha həssasdırlar. Çünki onların bədənində suyun payı daha yüksəkdir, maddələr mübadiləsi daha sürətlidir və susadıqlarını hər zaman ifadə edə bilmirlər. Buna görə də valideynlərin maye itkisini erkən mərhələdə tanıması ciddi fəsadların qarşısını almaqda mühüm rol oynayır.
Bu sözləri SİA-ya pediatr Səbinə Məmmədova deyib.

O bildirib ki, susuzlaşmanın ilk əlamətlərindən biri uşağın adi halından daha sakit, halsız və ya əsəbi görünməsidir. Uşaq oyun oynamaq istəmir, tez yorulur, yuxulu görünür və ya əksinə, səbəbsiz narahat olur. Bu dəyişikliklər xüsusilə isti havalarda diqqətdən kənarda qalmamalıdır:
“Ağız və dodaqlarda quruluq, dilin quru görünməsi, göz yaşının azalması və ya ağlayarkən ümumiyyətlə göz yaşı olmaması da maye çatışmazlığının erkən əlamətləridir. Körpələrdə bıngıldağın içəri çökməsi susuzlaşmanın mühüm göstəricilərindən hesab olunur.
Sidik ifrazının azalması valideynlərin izləməli olduğu ən vacib göstəricilərdən biridir. Körpənin bezi uzun müddət quru qalırsa, sidiyin rəngi tünd sarıdırsa və ya kəskin qoxuludursa, bu, maye qəbulunun kifayət etmədiyini göstərə bilər. Böyük uşaqlarda isə gün ərzində sidiyə daha az getmə müşahidə olunur.
Dərinin elastikliyinin azalması da diqqət çəkən əlamətlərdəndir. Dəri yüngülcə sıxıldıqdan sonra əvvəlki vəziyyətinə gec qayıdırsa, bu, susuzlaşmanın göstəricisi ola bilər. Bundan əlavə, əllərin və ayaqların soyuq olması, ürək döyüntüsünün sürətlənməsi və nəfəs almanın tezləşməsi daha ciddi maye itkisinə işarə edə bilər.
Orta və ağır susuzlaşma zamanı uşaq çox halsız olur, ətraf mühitə reaksiyası zəifləyir, gözləri çökük görünür, başgicəllənmə yarana bilər. Körpələr əmizməkdən və ya qidalanmaqdan imtina edə bilər. Belə hallarda vaxt itirmədən tibbi yardım almaq vacibdir.
Valideynlər isti havalarda uşağın yalnız susadığını deməsini gözləməməlidirlər. Xüsusilə 6 aydan kiçik körpələrdə ana südü ilə qidalanmanın davam etdirilməsi, böyük uşaqlarda isə gün ərzində mütəmadi su qəbulunun təmin edilməsi vacibdir. Açıq havada uzun müddət qalmaqdan çəkinmək, günün ən isti saatlarında kölgədə olmaq, yüngül və pambıq geyimlərdən istifadə etmək də maye itkisinin qarşısını almağa kömək edir.
Qusma, ishal və yüksək hərarət zamanı susuzlaşma riski daha da artır. Belə hallarda maye itkisi daha sürətli inkişaf etdiyindən uşağın vəziyyəti diqqətlə izlənilməli, həkim məsləhəti ilə oral rehidratasiya məhlullarından istifadə olunmalıdır.
Yay aylarında maye itkisini vaxtında müəyyən etmək valideynlərin diqqətli müşahidəsindən asılıdır. Uşağın davranışındakı dəyişikliklər, sidik ifrazı, ağız quruluğu və ümumi aktivliyi hər gün izlənilməlidir. Erkən aşkar olunan susuzlaşma vaxtında müdaxilə ilə asanlıqla aradan qaldırıla bilər, gecikmiş hallarda isə həyati təhlükə yarada bilər. Buna görə də hər bir valideyn susuzlaşmanın əlamətlərini bilməli və şübhə yarandıqda gecikmədən pediatra müraciət etməlidir”.
Ayşən Vəli