Kars Türkiyə-Ermənistan media dialoquna ev sahibliyi edib

28 İyul 2026 16:56 (UTC+04:00)

Türkiyənin Kars şəhərində Türkiyə və Ermənistan media nümayəndələrinin iştirakı ilə dialoq görüşü keçirilib. Tədbirdə iki ölkədən jurnalistlər, media ekspertləri və aidiyyəti qurumların nümayəndələri bir araya gələrək media sahəsində əməkdaşlıq, qarşılıqlı əlaqələrin inkişafı və regionda informasiya mühitinin rolu ilə bağlı fikir mübadiləsi aparıblar.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, çıxış edən rəsmilər bildiriblər ki, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində media nümayəndələrinin bir araya gəlməsi qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onların sözlərinə görə, media ictimai rəyin formalaşmasına təsir edən əsas amillərdən biridir və dialoq mühitinin inkişafına töhfə verə bilər.

Görüş çərçivəsində jurnalistlər peşəkar təcrübələrini bölüşüb, regionda informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Tədbirin sonunda bu cür dialoq platformalarının davam etdirilməsinin vacibliyi vurğulanıb.