Niyə insanlar istirahət zamanı belə telefondan uzaq qala bilmirlər? - PSİXOLOQ AÇIQLADI

28 İyul 2026 16:33 (UTC+04:00)

Telefonlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Maraqlıdır ki, bir çox insan istirahət zamanı belə telefondan uzaq qala bilmir. Parkda, restoranda, hətta ailə və dostlarla birlikdə olarkən belə ilk diqqətimizi çəkən cihaz yenə də telefon olur. Bəs niyə telefonsuz dincəlmək bizə bu qədər çətin gəlir? Niyə insanlar istirahət zamanı belə telefondan uzaq qala bilmirlər? Telefonu tez-tez yoxlamaq artıq vərdişdir, yoxsa asılılıq əlamətidir? Daim telefonda olmaq diqqətə, yuxuya və emosional vəziyyətə necə təsir edir?

Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, son dövrlərdə telefon həyatımızın ayrılmaz hissəsinə çevrilib:

"Bəzən telefon bizə lazım olsa da, olmasa da, sadəcə vərdiş olaraq onu əlimizdə saxlamaq istəyirik. Bu, əlbəttə ki, asılılığın əlamətidir. Amma ümumilikdə, insanların əksəriyyəti istirahət vaxtını düzgün idarə edə bilmir. Bəziləri o qədər qayğılı həyat yaşayırlar ki, işi istirahətə, istirahəti isə işə qarışdırırlar. Nəticədə, harada olurlarsa-olsunlar, iş onların həyatının bir hissəsinə çevrilir.

İstirahət zamanı da telefonla həddindən artıq məşğul olmaq, xüsusilə uşaqları, valideynləri və ya həyat yoldaşı ilə birlikdə olarkən, ailədaxili narazılıqlara və mübahisələrə səbəb olur.

Əlbəttə ki, insanlar telefonlarına daim baxırlarsa, oradan yeni bir informasiya gözləyirlər. Hazırda insanlar elə bir vəziyyətdədirlər ki, hər zaman yeni məlumat almaq, başqalarının fikirlərini, paylaşımlarını və xəbərləri izləmək istəyirlər. Zamandan geri qalmamaq düşüncəsi onları telefon istifadəsində daha da aktiv edir.

Bəzən isə bu, sadəcə vərdişdir. İnsanlar telefonun daim əllərində olmasını və ondan hər an istifadə etməyi normal hesab edirlər. Son dövrlərdə bu hal daha geniş yayılıb. Bunun səbəbi həm asılılıq, həm də insanların özləri ilə tək qalmaqda çətinlik çəkməsidir. Bəzi kompleksli insanlar isə cəmiyyət içində öz narahatlıqlarını gizlətmək üçün daim telefonla məşğul olurlar.

Artıq bu vəziyyət vərdişdən daha çox telefon asılılığı kimi qiymətləndirilir. Daim telefonda olmaq insanın enerjisini azaldır, yuxu keyfiyyətinə mənfi təsir göstərir, həyatına ciddi mənfi təsirlər edir, dopamin balansını pozur, insanı rahatlıq hissindən uzaqlaşdırır, onu gərgin və stresli vəziyyətdə saxlayır.

Bunun öhdəsindən gəlmək üçün ən vacib addımlardan biri müəyyən müddət telefon istifadəsini məhdudlaşdırmaq, yəni “telefon pəhrizi” tətbiq etməkdir. Ən azı istirahət zamanı bir neçə saat telefondan uzaq qalmağa çalışmaq faydalıdır".