Azərbaycan tarixinin yeni mərhələsi yazılır - TƏHLİL

28 İyul 2026 16:24 (UTC+04:00)

Azərbaycan dövləti iqtisadi, siyasi, diplomatik və digər sahələri əhatə edən uğurları ilə yeni zəfərlər yazır. Bu zəfələrlə dövlətimiz dünya miqyasında əsas söz sahibi olan ölkələrdən biri olaraq tanınır və qəbul edilir. Təbii ki, bu uğurların əsas müəllifi Fateh Sərkərdə, Prezidentimiz İlham Əliyevdir. Məhz onun müdrik, uzaqgörən siyasəti ilə Azərbaycan qaynayan dünyada sabit, sakit dövlət olmaqla yanaşı, hər bir sahədə möhtəşəm qələbələrə imza atır. Ümumiyyətlə, dövrün tələblərinə uyğun olaraq Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirir. Bu baxımdan tam qətiyyətlə demək olar ki, ölkəmizin qazandığı uğurların təməlində Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət dayanır. Dahi Öndərimiz Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə hakimiyyət gəlişindən sonra bütün sahələrdə genişmiqyaslı uğurlara imza atıldı. İnsan hüquq və azadlıqlarının təmin olunması, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması qarşıya qoyulan vəzifələrdən olmuşdur. Hələ 1998-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə Azərbaycanda ölüm hökmü ləğv edilmişdir. Dahi Öndərimiz Heydər Əliyev dəfələrlə çıxışlarında bildirmişdir ki, ölüm cəzasının mövcud olması və tətbiqi insan ləyaqətinə zidd hesab edilir: "İnsan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan ölüm cəzasının tətbiqi, hansı dəlillərə əsaslandırılmasından asılı olmayaraq demokratik cəmiyyətdə qeyri-insan və amansız tədbir kimi qiymətləndirilir".

Beləliklə, məhz Dahi Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğv edilməsi barədə qanun qəbul etmişdir. Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolunda olmasını bir daha sübut edir. Bununla bağlı Ulu Öndərimiz Heydər Əliyevin insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında 22 fevral 1998-ci ildə imzaladığı Fərmanında qeyd olunur ki, Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir.

Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulmuşdur. Artıq hüquqa və ədalətə söykənən, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulmuş və onun təkmilləşdirilməsi davam etdirilir. Ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılmışdır. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olmuşdur. Ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, insan ləyaqətinə hörmət dayanır.

Bu gün Ulu Öndərimiz Heydər Əliyevin siyasi xətinin dönməzliyi və davamlığı ən yüksək səviyyədə təmin olunur. 44 günlük Vətən Müharibəsində 30 illik erməni işğalında olan torpaqlarımızın azad edilməsi bunun əyani sübutu sayılır. 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə Qarabağdakı separatçıların təmizlənməsi, terrorçuların tam şəkildə tərksilah edilməsi və bununla da ölkəmizin suverenliyinin təmin olunması Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurla davam etdirildiyini bir daha təsdiqlədi. Artıq Azərbaycan cəbhədə qazandığı parlaq hərbi, diplomatik qələbəni bölgədə sülh gündəliyinin yazılması ilə davam etdirir. Çox yaxın zamanlarda isə Naxçıvan Muxtar respublikası ilə Azərbacanın qərb rayonlarını birləşdirəcək Zəngəzur dəhlizi açılacaq. Bununla bağlı 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbayan və ABŞ Prezidentlərinin, eləcə də Ermənistanın baş nazirinin iştirakı ilə sənəd imzalanıb, Birgə Bəyannama qəbul edilib. Ümumilikdə qeyd etmək olar ki, Prezidentimiz İlham Əliyevin avqust ayında ABŞ-a səfəri yaddaqalan və uzun illər mətbuatın diqqət mərkəzində qalacaq səfər oldu. Bununla bağlı BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan yeni bir dövrə qədəm qoyub: "Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq".

Göründüyü kimi, Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin yürütdüyü iqtisadi, siyasi və hüquqi islahatların əsasını ölkəmizin daha qüdrəli, əhalinin firavan həyatının təmin olunması dayanır. Əminliklə demək olar ki, qazanılan qələbələr davamlı xarakter daşıyacaq.

İ. ƏLİYEV