Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kuboku avqustda keçiriləcək

28 İyul 2026 16:20 (UTC+04:00)

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun 7-9-da Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə ölkə çempionatı və kuboku keçiriləcək.

SİA-nın məlumatına görə, yarışda 50-yə yaxın idmançı mübarizə aparacaq.

İdmançılar U-15 kateqoriyasında 40 metr, U-18 kateqoriyasında 60 metr, böyüklər arasında isə 70 metr məsafədən hədəfi dəqiq vurmaq üçün bacarıqlarını nümayiş etdirəcəklər.

Proqrama əsasən, avqustun 7-də idmançıların sınaq atışları və məşqləri keçiriləcək, 8-də isə əsas təsnifat və seçmə yarış mərhələləri baş tutacaq. Final görüşləri avqustun 9-da keçiriləcək və qaliblər müəyyənləşəcək.

​Yarışın yekununda fərqlənən və fəxri kürsüyə yüksələn idmançılar müvafiq medallar, diplomlar və Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən xüsusi mükafatlarla təltif olunacaqlar.