"Böyük Qayıdış Azərbaycanın gələcək inkişaf modelinin mühüm tərkib hissəsidir" - ŞƏRH

28 İyul 2026 15:50 (UTC+04:00)

"Böyük Qayıdış artıq təkcə dövlət proqramı deyil, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarından biridir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri göstərir ki, məqsəd yalnız insanların öz doğma torpaqlarına qayıtmasını təmin etmək deyil, eyni zamanda həmin bölgələri müasir, dayanıqlı və yüksək həyat standartlarına malik yaşayış məkanlarına çevirməkdir". Bu aözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, hazırda Böyük Qayıdış proqramı çərçivəsində paralel şəkildə bir neçə istiqamətdə sistemli işlər aparılır:

"İlk növbədə şəhər və kəndlərin Baş planlara uyğun şəkildə yenidən qurulması həyata keçirilir, yaşayış məntəqələri müasir urbanizasiya prinsiplərinə əsasən layihələndirilir. Bununla yanaşı, yollar, tunellər, körpülər, dəmir yolu xətləri, elektrik, qaz, su və rabitə infrastrukturu yaradılır, regionun enerji təminatı üçün yeni elektrik stansiyaları və “yaşıl enerji” layihələri reallaşdırılır.

Böyük Qayıdışın ən mühüm istiqamətlərindən biri sosial infrastrukturun qurulmasıdır. Yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar, ailə sağlamlıq mərkəzləri, mədəniyyət və idman obyektləri istifadəyə verilir. Eyni zamanda rəqəmsal idarəetmə sistemləri tətbiq olunur, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında innovativ yaşayış mühiti formalaşdırılır. Artıq Zəngilanın Ağalı kəndi, Füzuli şəhəri, Laçın şəhəri, Talış, Zabux, Sus və digər yaşayış məntəqələrində insanlar doğma yurdlarına qayıdaraq normal həyatlarını bərpa edirlər. Köç prosesi mərhələli şəkildə davam edir və hər yeni yaşayış məntəqəsinin istifadəyə verilməsi Böyük Qayıdış proqramının uğurla icra olunduğunu təsdiqləyir.

İqtisadi canlanmanın təmin olunması da proqramın əsas hədəflərindəndir. Azad olunmuş ərazilərdə sənaye parkları və aqroparklar yaradılır, sahibkarlara vergi və gömrük güzəştləri tətbiq edilir, investisiyalar təşviq olunur, turizm potensialının reallaşdırılması istiqamətində mühüm layihələr icra edilir. Bu isə regionun gələcəkdə özünü təmin edən güclü iqtisadi məkana çevrilməsinə xidmət edir.

Böyük Qayıdış layihəsi Azərbaycanın iqtisadi gücünün, siyasi iradəsinin və milli həmrəyliyinin real təzahürüdür: “Bu gün Qarabağ və Şərqi Zəngəzurda görülən işlər dünyanın ən iri bərpa və yenidənqurma layihələri sırasında yer alır. Dövlətimizin əsas məqsədi həmin torpaqlarda təhlükəsiz, firavan və dayanıqlı həyat qurmaq, vətəndaşlarımızın öz doğma yurdlarında ləyaqətlə yaşamasını təmin etməkdir. Böyük Qayıdış həm tarixi ədalətin bərpası, həm də Azərbaycanın gələcək inkişaf modelinin mühüm tərkib hissəsidir".