Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün “Smart media və sosial trend analizi” mövzusunda növbəti “Sosial Jurnalistika” təlimi təşkil olunub.
SİA xəbər verir ki, təlimdə ölkənin müxtəlif informasiya resurslarını təmsil edən 20 media qurumundan jurnalistlər iştirak edib.
İştirakçılara rəqəmsal media mühitində yeni tendensiyalar, sosial siyasətin informasiya müstəvisində təqdimatı, eləcə də ictimai rəyin formalaşmasında sosial mövzuların işıqlandırılması barədə geniş məlumat verilib.
Daha sonra mövzunun mənimsənilmə səviyyəsini müəyyənləşdirmək məqsədilə interaktiv vörkşop keçirilib. İştirakçılar təlim mövzusunu əhatə edən test tapşırıqlarını cavablandıraraq biliklərini yoxlayıblar.
Sonda media nümayəndələrinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, 2023-cü ildən etibarən mütəmadi keçirilən və sayca 10-cu olan “Sosial Jurnalistika” təlimləri çərçivəsində hər il yüzlərlə media nümayəndəsi aktual sosial mövzular barədə məlumatlandırılır, onların peşəkar bacarıqlarının inkişafına və sosial sahənin işıqlandırılmasında keyfiyyətin artırılmasına dəstək göstərilir.