"İnsanların xoşbəxtlik anlayışı, ilk növbədə, fərqli ola bilir. Yəni xoşbəxtlik insanın dünyagörüşündən, sadiq qaldığı dəyərlər sistemindən qaynaqlanır. Məsələn, elə insan var ki, xoşbəxtliyini maddi zənginliklə əlaqələndirir". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.

Onun sözlərinə görə, düşünür ki, maddi cəhətdən nə qədər zəngin olarsa, bir o qədər özünü xoşbəxt hiss edər: "Lakin cəmiyyət monoton deyil, baxışlar və dəyərləndirmələr fərqlidir. İnsanların xoşbəxtlik meyarları da fərqlidir.
Düşünürəm ki, maddi cəhətdən zəngin olmaq xoşbəxtliyin tək açarı deyil. Sadəcə, insanların maddi baxımdan müəyyən qədər təminatlı olması onun xoşbəxt, firavan həyat sürməsinə təsir edən amillər sırasındadır.
İnsanın xoşbəxtliyi ilk öncə onun düşüncələri ilə bağlıdır. Dünyagörüşü ilə bağlıdır. Sadiq qaldığı dəyərlər sistemi ilə bağlıdır.
Bir fərd, ilk öncə, doğulduğu ailənin bir üzvüdür. Ailədə övladlara qayğı göstərilməsi xoşbəxtlik hissinin başlanğıc mərhələsidir. Azyaşlı körpə ailədə böyüklər tərəfindən dəstək görür. O, doğulduğu ailənin təbii bir üzvüdür və ailəyə təbii bağlarla inteqrasiya edir. Humanizm görür, dəstək görür və beləliklə, insan az yaşlarından xoşbəxtlik duyğularına alışır. Getdikcə həyatın sonrakı mərhələlərində daha fərqli dəyərləndirmələrlə xoşbəxtlik hissini yaşamış olur.
Daha sonra fərd digər sosial qrupların üzvü olur, cəmiyyətə atılır, böyük mənada sosial sistemin bir elementinə çevrilir. Cəmiyyətə inteqrasiyadan tutmuş sosial dəstəyə, mənəvi dəyərlərə qədər qeyd olunan bütün bu amillərin insanın xoşbəxt olmasında, əlbəttə ki, bir şəkildə rolu vardır.
İnsan maddi cəhətdən o qədər də zəngin olmaya bilər. Amma düşüncələri, baxışı, ətraf aləmi dərk etməsi, ümumiyyətlə, bir az da dərindən getsək, fəlsəfi yanaşsaq, bu dünyanın gerçək mahiyyəti, insanın bu dünyada missiyasının nə olduğu, niyə yaşadığı kimi məsələləri dərindən düşünən və bilən insanlar, əslində, xoşbəxt yaşamağın alternativ yollarını tapa bilirlər.
İnsan bir təbiət mənzərəsinə baxdıqda xoşbəxtlik yaşaya bilər. Arzuladığı kollektivin üzvü, sosial mühitin aktiv iştirakçısı olduqda da xoşbəxt ola bilər. Ailə üzvlərinin uğurlarını görməklə, öz uğurlarına sevinməklə, yaxın adamlarının, dostlarının, ətrafının uğurlarına sevinməklə və yaxud da rəğbət bəslədiyi bir futbol komandasının uğurlarına sevinməklə də xoşbəxt ola bilir. Yəni ən adi səviyyədən ən ali səviyyəyədək fərqli sahələrdə, fərqli məkanlarda insanın duyğuları və düşüncələri ilə əlaqədar bir məsələdir xoşbəxtlik anlayışı.
Onu da qeyd edim ki, xoşbəxtlik ümumiyyətlə nisbi bir anlayışdır. İnsan həyatının bütün anlarında, bütün çağlarında mütləq şəkildə özünü xoşbəxt hiss edə bilməz. Həyatda çətinlik də var, eniş də var, tənəzzül də var. Üzüntü də var, itki də var, inkişaf da var, sevinc də var. Bizim xoşbəxtlik anlayışına baxışımız bütün bu amilləri nəzərə almaqla formalaşmalıdır.
O zaman insan xoşbəxt olmağın onun özündə, düşüncəsində, dünyagörüşündən birbaşa asılı olduğunu dərk edəcək, onun fərqində olacaq.
Cəmiyyətdə həmrəyliyi də qeyd edərdim. O cəmiyyətdə ki insanlar arasında münasibətlər, dəyərlərə sadiq qalmaq, üzüntülü anlarda birləşmək, həmrəylik göstərmək, dosta dəstək olmaq, özünü cəmiyyətdə faydalı hiss etmək var, bütün bu amillər insanın xoşbəxt olmasına, özünü xoşbəxt hiss etməsinə təsir edən amillərdir.
Beləliklə, maddi baxımdan zəngin olmaq xoşbəxtliyə təsir edən amillər sırasında olsa da, xoşbəxtliyin tək, alternativsiz açarı deyildir. Demək ki, insanın xoşbəxt olması onun kompleks həyat baxışlarından, dünyagörüşündən və sadiq qaldığı dəyərlər sistemindən asılı olan bir məsələdir".