"ABŞ regionda təsir imkanlarını genişləndirməyə çalışır" - POLİTOLOQ DANIŞDI

28 İyul 2026 13:53 (UTC+04:00)

"Amerika Birləşmiş Ştatları ilə dost olmaq da, düşmən olmaq da çətindir. Ümumilikdə, ABŞ-da kimin hakimiyyətdə olmasından asılı olmayaraq, ölkənin öz strateji xətti var və bu strategiyanı həyata keçirmək üçün müxtəlif vasitələrdən istifadə olunur. Xüsusilə də dünyanın ayrı-ayrı regionlarında süni problemlər yaratmaq və ya mövcud problemləri şişirtməklə məqsədlərinə çatmağa çalışırlar".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

Onun sözlərinə görə, ABŞ-ın Cənubi Qafqazda xüsusi maraqları var. Məqsəd üç Cənubi Qafqaz respublikasını öz təsir dairəsinə salmaq və onları Rusiyaya qarşı istifadə etməkdir. Azərbaycan isə balanslaşdırılmış xarici siyasət yürüdür, böyük güclərin maraqlarını uzlaşdırmağa çalışır, heç bir gücün alətinə çevrilmir və yalnız dövlətin, xalqın milli maraqlarına uyğun siyasət həyata keçirir:

"Birləşmiş Ştatlar Ermənistan üzərindən Azərbaycana təzyiq göstərməyə çalışır. Bu, ilk dəfə baş vermir. Tarix boyu müxtəlif dövrlərdə müxtəlif bəhanələrlə Azərbaycana təzyiqlər olub. Hətta Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edilmiş, işğalçı tərəfə isə dəstək göstərilmişdi.

Bu gün Azərbaycan 44 günlük Vətən müharibəsindən və sonrakı antiterror tədbirlərindən sonra həm de-fakto, həm də de-yure ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Ölkə həm iqtisadi, həm də siyasi baxımdan müstəqil siyasət həyata keçirir, qonşularla dinc yanaşı yaşamaq prinsipini əsas tutur və heç bir dövlətə qarşı alət kimi istifadə olunmur.
Məhz buna görə ABŞ Ermənistanla əməkdaşlığını genişləndirərək onun vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışır. Tarix boyu Ermənistan böyük güclərin əlində alət olub. Əvvəllər Rusiyanın, indi isə Qərbin, xüsusilə də ABŞ-ın təsir dairəsindədir. Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsi də bu kontekstdə qiymətləndirilir və onun vasitəsilə Cənubi Qafqazda müəyyən layihələrin həyata keçirilməsinə cəhd göstərildiyi bildirilir.

Hazırda ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycana qarşı müxtəlif ittihamlar və qərəzli çıxışlar səsləndirilir. Bu da ilk hal deyil. Daha əvvəl də oxşar bəyanatlar və müzakirələr olub. Azərbaycan isə dövlət və milli maraqlarını rəhbər tutaraq buna prinsipial mövqe nümayiş etdirir. Milli Məclis də ABŞ Konqresində qəbul olunan və ya müzakirəyə çıxarılan qərəzli sənədlərə etirazını açıq şəkildə ifadə edir.
Lakin məsələ ondadır ki, ABŞ-ın xarici siyasəti konkret şəxslərdən deyil, dövlət strategiyasından qaynaqlanır. Ermənistanı dəstəkləməklə Azərbaycana təzyiq göstərmək və öz geosiyasi məqsədlərini həyata keçirmək istəyirlər. Oxşar yanaşmanı digər ölkələrdə də müşahidə etmişik.

Məsələn, Gürcüstana göstərilən təzyiqlər zamanı Avropa Birliyi və ABŞ-ın eyni mövqedən çıxış etdiyini gördük. Məqsəd Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhəyə çevirmək idi. Gürcüstan isə öz milli maraqlarını əsas götürərək böyük güclərin alətinə çevrilmək istəmədi.

Ermənistan isə Qərbin, xüsusilə də ABŞ-ın əlində alətə çevrilərək Cənubi Qafqaz siyasətində istifadə olunur. Bu baxımdan ABŞ-ın rolu xüsusi qeyd edilir. Deyildiyi kimi, ABŞ-la dost olmaq da, düşmən olmaq da çətindir. Tarix göstərir ki, ABŞ dostlarını da çox zaman öz maraqları naminə vasitə kimi istifadə edir. Gürcüstanın timsalında bunu görmüşük. Nəticədə Gürcüstan torpaqlarını itirdi, ABŞ isə əsasən bəyanatlar verməklə kifayətləndi.

Ukrayna münaqişəsində də oxşar vəziyyət müşahidə olunur. ABŞ Ukraynaya dəstək versə də, eyni zamanda öz geosiyasi və iqtisadi maraqlarını həyata keçirməyə çalışır. Ukrayna da bu prosesdə müəyyən mənada vasitəyə çevrilib.
Azərbaycan isə qlobal güclərin maraqlarını mümkün qədər uzlaşdırmağa çalışır və onların heç birinin alətinə çevrilmək istəmir. Bu səbəbdən ölkəyə qarşı qəbul edilən hər hansı qərəzli qərara və ya qətnaməyə qarşı öz suverenliyini və milli maraqlarını əsas götürərək mövqeyini ortaya qoyur.

ABŞ Prezidenti ilə keçirilən görüşlər və yüksək səviyyəli təmaslar zamanı da ABŞ-ın Cənubi Qafqazdakı maraqları açıq şəkildə görünür. Azərbaycan isə həm ABŞ, həm Rusiya, həm də Avropa ilə münasibətlərdə balansı qorumağa çalışır ki, regionda sabitlik və qarşıdurmasız mühit təmin olunsun.

Lakin hazırda Ermənistan vasitəsilə bölgədə gərginlik yaratmaq və Azərbaycana təzyiq göstərmək cəhdləri müşahidə olunur. ABŞ Konqresində aparılan müzakirələr də bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilir.

Buna baxmayaraq, Azərbaycan xarici siyasətində dövlət suverenliyini və milli maraqlarını əsas götürərək prinsipial mövqeyini davam etdirir".