"Meşə yanğınlarının əsas səbəbi ehtiyatsızlıqdır" - EKOLOQ

28 İyul 2026 13:35 (UTC+04:00)

"Şəxsi məsuliyyət çox böyükdür, əslində. Fərdi məsuliyyətini hiss edən vətəndaş ətraf mühitin qorunmasında çox mühüm töhfə verə bilər". Bu fikirləri SİA-ya açıqlamasında Environmental "Protection First" (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib.

Onun sözlərinə görə, sadəcə, bunu özü anlamalıdır: "Çox təəssüf ki, vətəndaşların çoxu bunu nəzərə almır.

Elementar məsələdir, indi yay mövsümüdür. Yayda çox vaxt meşə yanğınları baş verir. O meşə yanğınlarının da əksəriyyəti vətəndaşların ehtiyatsızlığından olur. Məsələn, gedirlər, təbiətin qoynunda piknik təşkil edirlər, ocaq qalayırlar, amma ocağı gedəndən sonra yaxşı söndürmürlər. Sonra bu da kütləvi meşə yanğınlarına səbəb olur.

Yaxud da məişət tullantılarını hara gəldi atırlar. Məsələn, bu gün meşədə idim, baxdım ki, insanların dincəldiyi yerlərin yaxınlığında zibil qutuları qoyulmuşdu. Amma müəyyən ödənişsiz yerlər var ki, insanlar gedib orada dincəlirlər, çay kənarında vaxt keçirirlər, sonra qarpız qabıqlarını, plastik butulkaları və digər tullantıları atıb çıxıb gedirlər. Sonra kimsə gəlib oranı təmizləməli olur.

Çox məsələlər var ki, fərdi məsuliyyətlə əlaqədardır. Çox təəssüf ki, səhv edənlər də çox olur. O səhvlər isə öz növbəsində ətraf mühit üçün böyük problemlər yarada bilər. Məsələn, dediyim meşə yanğınları kimi və yaxud məsuliyyətsizlik nəticəsində hansısa bir ərazinin ətraf mühiti çirklənə bilər.

Bu vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən addımlar atılmalıdır. Təəssüf ki, bu gün cərimələrin tətbiq olunması daha təsirli olur. Yəni cərimələr tətbiq olunanda insanlar bir az ehtiyat edirlər, çünki bilirlər ki, cərimə olunacaqlar. Amma daha yaxşı olar ki, insanlar bunu cərimədən qorxduqları üçün yox, məsuliyyət hiss etdikləri üçün etməsinlər. Bunun üçün də maarifləndirməyə ehtiyac var.

Hazırda təhsildə və yaxud təhsildən kənar maarifləndirmə işləri aparılır, amma bunun təsiri çox cüzidir. Təəssüf ki, hələlik bunun qarşısını almaqda ən effektiv vasitələrdən biri cərimələrin tətbiq olunmasıdır".