"Valideyn müəllimlə paralel işləməlidir" - TƏHSİL EKSPERTİ

28 İyul 2026 13:28 (UTC+04:00)

"Məktəbə hazırlıq mərhələsi, bilirik ki, 5–6 yaş aralığını əhatə edir və bu, bir uşağın formalaşması üçün çox ciddi təsir edən, ən ciddi zaman dilimlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

Onun sözlərinə görə, bunun xüsusi nəzarətdə saxlanılması və yüksək nəticə verməsi üçün müəllimlərlə yanaşı, valideynlərin də üzərinə çox böyük məsuliyyət və iş bölgüsü düşür:

"Doğrudur, ümumiyyətlə, ibtidai təhsil seqmentində valideynin şagirdin təhsilinə müdaxiləsi və dəstəyi əvəzolunmazdır. Bunu hamımız bilirik, ətrafımızda da müşahidə edirik. Amma sırf məktəbə hazırlığın özünəməxsus tələbləri və forması var.

Burada uşağa psixoloji dəstək göstərmək, onun yanında olmaq, materialın, mövzunun dərk olunmasında, mənimsənilməsində və qəbul edilməsində müəllimlə yanaşı valideynin də paralel işləməsi lazımdır. Yəni, valideyn bu zaman müəllimi evdə tam əvəz etməlidir.

Bəli, metodikanı müəllim qədər bilməyə bilər. Bu, onun işi deyil. O, bu sahədə təhsil almayıb. Pedaqogikanı öyrənə bilər, psixologiyanı öyrənə bilər, amma övladını müəllimdən daha yaxından tanıyır, ona daha yaxşı bələddir. Bu üstünlükdən istifadə edib, övladı üçün özünəməxsus proqramını, öz metodlarını təqdim edə bilər.

Birincisi, valideyn özü məktəbə hazırlıq proqramı ilə tanış olmalıdır, onun məzmun xətlərini müzakirə etməlidir və dəqiqləşdirməlidir ki, məktəbə hazırlığın funksiyası nədir, mənim buradakı rolum nədən ibarət olacaq. Öz iş bölgüsünü və rol bölgüsünü özü müəyyənləşdirməlidir.

Bu halda valideynin məktəbə hazırlıq qruplarında iştirakı həssas yaş dövründə olan uşaq üçün çox böyük fayda və təsir göstərər".