"Rusiya-Ukrayna müharibəsi qlobal təhlükəsizlik nizamını dəyişir" - POLİTOLOQ

28 İyul 2026 13:18 (UTC+04:00)

"Rusiya-Ukrayna müharibəsinin davam etməsi, təbii ki, qlobal təhlükəsizliyi, xüsusilə Avropanın təhlükəsizlik arxitekturasını pozub. Bundan əlavə, postsovet məkanına da müəyyən təsirlər edib.

Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullallazadə bildirib.

Onun sözlərinə görə, təbii ki, bunu müsbət də xarakterizə etmək olar: "Amma Avropanın təhlükəsizlik arxitekturasının pozulması qlobal təhlükəsizlik nizamına ciddi təhdid yaradır və bu müharibənin davam etməsi, sülh formulunun tapılmaması digər münaqişələrin yaranmasına da gətirib çıxarmaqdadır.

Həmçinin, bu müharibənin müsbət və mənfi nəticələri var. Müsbət nəticəsi odur ki, Rusiya kifayət qədər zəifləyir, onun fövqəldövlət statusunu alması imkanları da zəifləyir və bu da Rusiyanın qonşu ölkələrinin müstəqilliyini və təhlükəsizliyini daha da inkişaf etdirir.

Mənfi cəhəti odur ki, qeyd etdiyim kimi, digər ölkələrdə müharibələrin başlamasına gətirib çıxarır. Böyük güclər kiçik, zəif ölkələrə qarşı öz şərtlərini diqtə edir. Bu proseslər nəticəsində dünyanın siyasi nizamı dağılır.

Rusiya-Ukrayna müharibəsi və bu müharibənin davam etməsi beynəlxalq nizamın yenidən qurulmasını da çətinləşdirir".