Bütün dünyada yay mövsümü istirahət, səyahət, turizm, gəzinti və yeni məkanlarla tanışlıq dövrü kimi qəbul edilir. Yay, xüsusilə də qızmar günəş altında qaralmaq, D vitamini qəbul etmək, dənizdə, okeanda, çaylarda və göllərdə çimmək üçün əlverişli mövsümdür. Lakin yay mədəniyyəti hər kəs üçün eyni imkanları yaratmır.
Bu sözləri SİA-ya yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

O bildirib ki, turizm, səyahət və əyləncə xidmətləri kifayət qədər bahalı sahələrdir. Buna görə də Azərbaycanda insanların bir qismi yay aylarında daha çox doğulduqları bölgələrə üz tutur. Digərləri isə Gürcüstanda, Rusiyada və digər ölkələrdə yaşayan qohum-əqrəbalarını ziyarət edərək istirahət etməyə üstünlük verirlər:
“Bununla yanaşı, yay mövsümündə paytaxt Bakıya gələn turistlərin sayı da artır. Xüsusilə qonşu ölkələrdən, İran, ərəb ölkələri və Orta Asiyadan gələn turistlər şəhərimizə üz tuturlar. Bu isə təbii olaraq şəhərdə daha canlı gecə həyatı və əyləncə infrastrukturuna tələbat yaradır.
Azərbaycan bu baxımdan əlverişli imkanlara malikdir. Bakı şəhəri, Xəzər dənizi, Mingəçevir su anbarı, Kür və Araz çayları, Quba-Xaçmaz, Lənkəran və digər bölgələrin dağları, meşələri və təbiəti həm daxili, həm də xarici turizmin inkişafı üçün böyük potensiala malikdir.
Paytaxtda xidmət sektorunun inkişaf etməsi, yüksək səviyyəli hotellərin, qonaq evlərinin və digər turizm obyektlərinin çoxluğu Bakını turistlər üçün cəlbedici edir. Bununla yanaşı, turistlərin müəyyən hissəsi gecə həyatı və əyləncə imkanlarına da maraq göstərir. Dünyanın bir çox ölkəsində bu, turizm sənayesinin ayrılmaz hissəsi hesab olunur.
Təəssüf ki, Azərbaycanda turistlərin fərqli həyat tərzinə bəzən dözümlü yanaşılmır. Vaxtilə ərəb turistlərinə qarşı sərgilənən mənfi münasibət nəticəsində onların bir hissəsi Gürcüstan və digər ölkələrə üz tutdu. Eyni münasibət bəzi digər ölkələrdən gələn turistlərə qarşı da müşahidə olunur. Halbuki hər xalqın özünəməxsus həyat tərzi var və turistlərə qarşı tolerant münasibət turizmin inkişafı üçün vacib şərtlərdən biridir.
Bu gün Bakıda gecə həyatı hələ də tam inkişaf etməyib. Mövcud əyləncə məkanlarının əksəriyyəti yaşayış binalarının yaxınlığında yerləşdiyi üçün səs-küy sakinlərin narazılığına səbəb olur. Bu da gecə klublarının fəaliyyəti ilə yaşayış rahatlığı arasında ziddiyyət yaradır.
Hesab edirəm ki, gecə həyatı və iri əyləncə mərkəzləri şəhərdən kənarda yaradılmalıdır. Bakı ətrafında bunun üçün kifayət qədər boş ərazilər mövcuddur. Belə mərkəzlər həm xarici turistlər, həm də əylənmək istəyən yerli gənclər üçün müasir istirahət məkanına çevrilə bilər.
Turistlər Azərbaycana gəlmək üçün böyük vəsait xərcləyirlər. Əgər onlar burada fərqli və maraqlı istirahət imkanları görməsələr, növbəti səfərlərində digər ölkələrə üstünlük verəcəklər. Bu isə turizmdən əldə oluna biləcək gəlirlərin başqa ölkələrin iqtisadiyyatına yönəlməsi deməkdir.
Digər tərəfdən, qiymətlərin əsassız artırılması, bəzi xidmət sahələrində turistlərin aldadılması, nəqliyyat problemləri və digər çatışmazlıqlar da turizmin inkişafına mənfi təsir göstərir. Bu məsələlər kompleks şəkildə həll olunmalıdır.
Ümumilikdə hesab edirəm ki, Azərbaycanda həm yerli, həm də xarici turistlər üçün müasir yay mədəniyyəti, gecə həyatı və əyləncə infrastrukturu formalaşdırılmalıdır. Eyni zamanda bölgələrdən paytaxta gələn insanlar da mehriban qarşılanmalı, onlar üçün rahat və keyfiyyətli xidmət imkanları yaradılmalıdır. Bu yanaşma həm daxili, həm də xarici turizmin inkişafına ciddi töhfə verə bilər”.
Ayşən Vəli