Dağlıq ərazilərdə tikinti torpaq sürüşməsi və eroziyasını artırırmı? - EKOLOQ DANIŞDI

28 İyul 2026 12:06 (UTC+04:00)

"Dağlıq ərazilərdə tikinti işlərinin intensivləşməsi halları demək olar ki, artıb. Bu da əlbəttə ki, bir sıra fəsadlara yol açır. Tikintilər nəticəsində torpaq sürüşməsi baş verir və bu, həmçinin torpağın eroziya riskini kəskin şəkildə artırır".

Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.

Onun sözlərinə görə, təbiətin yamaclarının relyefinin dəyişdirilməsi kimi hallar da müşahidə olunur ki, bu da bitki örtüyünün məhv edilməsinə səbəb olur:

"Tikinti işləri zamanı ağır texnikanın vibrasiyası torpağın strukturunu pozaraq bu təhlükələrin baş verməsini aktivləşdirir.

Belə ərazilərdə tikinti işləri planlayarkən ekoloji fəsadların qarşısını almaq üçün mütləq tədbirlər görülməlidir və bu tələblərə ciddi əməl olunmalıdır. İlk növbədə, dağ yamacları möhkəmləndirilməlidir. Sürüşmə ehtimalı olan ətraf yamaclarda mütləq istinad divarları tikilməli və ya xüsusi mühəndis torları (geotorlar) quraşdırılmalıdır. İkinci önəmli addım isə drenaj sistemlərinin qurulmasıdır. Yağış və sel sularının torpağın altına sızaraq onu yumşatmaması üçün relyefə uyğun yönləndirici su kanalları yaradılmalıdır.

Ən önəmlisi isə, ərazinin seysmik və geoloji qiymətləndirilməsidir. Tikintiyə başlamazdan əvvəl süxurların dayanıqlığı mütləq laboratoriya şəraitində yoxlanılmalıdır. Torpaq sürüşməsinin qarşısını almaqda ən vacib amil isə bitki kökləridir. Tikinti zamanı kəsilən ağacların və məhv edilən yaşıl təbəqənin yerinə kök sistemi güclü olan bitkilər əkilməlidir. Bakıda, əgər yadınızdadırsa, Bayıl yamacının sürüşməsi baş vermişdi. Bu ərazidə olan ağaclar sovet vaxtı əkmişdi və burada tikinti aparılmırdı. Bu ərazi meşə kimi idi. Sonradan bu ağaclar qırıldı və bəzi yerlərdə tikinti aparıldı, nəticədə isə güclü sürüşmə baş verdi. Həmişə olduğu kimi, bizimkilər əvvəlcə mütəxəssis rəyi almırlar və sonra ziyanını görəndə, səbəbin nə olduğunu anlayırlar. Ərazidə əgər tikinti aparılacaqsa, torpağın üst münbit qatını qazıb kənara yığmalı və işlər bitdikdən sonra ərazinin yaşıllaşdırılmasında yenidən istifadə edilməlidir. Tikinti tullantılarının və çirkli suların su hövzələrinə, dağ çaylarına və bulaqlara axıdılması qətiyyən yolverilməzdir. Dik yamaclarda torpaq qatını silkələyən yüksək vibrasiyalı texnikadan istifadə minimuma endirilməlidir. Qazıntı və torpaq işləri yağıntıların ən az olduğu quraq mövsümlərdə aparılmalıdır. Yağışlı havada isə qazıntı işləri yerinə yetirilməməlidir, çünki bu, sürüşməni dərhal tətikləyə bilər".