"Qida təhlükəsizliyi baxımından meyvələri təmiz yuduqdan sonra istehlak etməyin hər hansı zərəri yoxdur. Lakin meyvələr yuyulmadan yeyilərsə, onların üzərində zərərvericilərin ifrazatı və tükləri qala bilər".
Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

O qeyd edib ki, bu isə gigiyenik baxımdan təhlükə yaradır və mikroorqanizmlərin toplanmasına şərait yaradır:
"Belə hallar, xüsusilə həssas və allergiyaya meyilli insanlarda qıcıqlanma, səpkilər və həzm sistemində narahatlıqlara səbəb ola bilər.
Ona görə də ağacdan dərilən tut, gilas, albalı və digər bu kimi meyvələri istehlak etməzdən əvvəl axar su altında yaxşıca yumaq lazımdır. Əgər meyvələrin üzərində yağış suyu, torpaq qalıqları, toz və ya digər çirklər varsa, onları 5–10 dəqiqə suda saxladıqdan sonra əllə ovuşduraraq diqqətlə yumaq tövsiyə olunur. Bu zaman meyvənin üzərində hər hansı çirk qalmasına yol verilməməlidir.
Zərərvericilərə qarşı düzgün tətbiq edilməyən kimyəvi mübarizə üsulları meyvələrin üzərində təhlükəli maddələrin qalmasına səbəb ola bilər. Buna görə də dezinfeksiya məqsədilə qida üçün nəzərdə tutulmayan heç bir maddədən istifadə edilməsi məsləhət görülmür.
Bəzən bağlarda zərərvericilərə qarşı müxtəlif kimyəvi mübarizə vasitələrindən istifadə olunur. Əgər bu proses peşəkar şəkildə aparılmasa, düzgün doza seçilməsə və tətbiq qaydalarına əməl edilməsə, meyvələrin üzərində kimyəvi maddələrin qalıqları qala bilər. Belə ağaclardan yığılan meyvələrin istehlakı sağlamlıq üçün ciddi risk yarada bilər. Bu səbəbdən mənşəyi məlum olmayan, etibarlılığı təsdiqlənməyən və nəzarətsiz şəkildə satılan meyvə-tərəvəzlərdən istifadə edərkən son dərəcə diqqətli olmaq lazımdır".