Azərbaycan nümayəndə heyəti “Ərdəbil həftəsi”ndə

27 İyul 2026 19:38 (UTC+04:00)

Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən ənənəvi “Ərdəbil həftəsi” və “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü” tədbirlərində iştirak edib. Ölkəmizi bu tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı Ceyhun Məmmədov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov təmsil ediblər.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə AMEA-dan bildirilib. Şeyx Səfi kompleksində keçirilən “Ərdəbil həftəsi” və “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü”nün rəsmi açılış mərasimində Ərdəbil Vilayətinin Ostandarı, İran İslam Respublikası Ali Dini Rəhbərinin nümayəndəsi, İranın mədəniyyət naziri, Gilan Vilayətinin Ostandarı, İranın tanınmış səfəvişünas alimləri çıxış ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli “Tarixdə Səfəvilər – Ərdəbililər və Şeyx Səfiəddin Ərdəbili” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan-İran elmi-mədəni əlaqələri fonunda ortaq tariximizə və mədəniyyətimizə böyük töhfələr vermiş Səfəvi və Ərdəbili soyadlı görkəmli şəxsiyyətlərin xidmətlərindən bəhs edilib, Şeyx Səfiəddin Ərdəbilinin “Qara məcmuə”sindəki şeirlərin və hekayələrin ədəbiyyat tarixindəki yeri və əhəmiyyətindən söz açılıb. Eyni zamanda, yeni tarixi dövrdə Azərbaycan-İran elmi-ədəbi və mədəni əlaqələrinin daha da genişləndirilməsi zərurəti diqqət mərkəzinə çəkilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli İranın mədəniyyət naziri, Ərdəbil Vilayətinin Ostandarı və Müqəddəs Ərdəbili adına Ərdəbil Dövlət Universitetinin rektoru ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkələrimiz arasındakı əlaqələrin inkişaf etdirilməsi sahəsində apardığı məqsədyönlü siyasətin konkret nəticələri, eyni zamanda, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın yeni tarixi mərhələdə təşkili məsələləri müzakirə olunub. Tərəflər 2027-ci ildə Şah İsmayıl Xətainin anadan olmasının 540 illiyi münasibətilə Bakıda və Ərdəbildə beynəlxalq elmi konfransların keçirilməsi, Səfəvi tarixinə dair ortaq tədqiqatların aparılması, bu sahə üzrə zəruri elmi əsərlərin mübadiləsi və tərcümə edilməsi və ortaq mədəniyyətimizin müxtəlif sahələrinə dair sərgilərin təşkili barədə razılıq əldə ediblər.

Görüşlərdə Milli Məclisin deputatı Ceyhun Məmmədov və mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak və çıxış edib, təkliflərini və mülahizələrini bildiriblər.

Milli Məclisin deputatı Ceyhun Məmmədovun İran İslam Respublikasının Ərdəbildən olan deputatları ilə görüşü təşkil olunub. Görüşdə ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin aktual məsələləri müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti Ərdəbil şəhərindəki qədim Şeyx Səfi Sarayı Kompleksini, Səfəvi hökmdarı Şah İsmayıl Xətainin və onun ulu babası, Səfəviyyə təriqətinin yaradıcısı Şeyx Səfiəddin Ərdəbilinin heykəllərini ziyarət edib.

Səfərdə Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki baş konsulu Taleh Zöhrabov nümayəndə heyətini müşayiət edib.