Əcnəbi vətəndaşın müraciəti yerində araşdırılıb

27 İyul 2026 17:56 (UTC+04:00)

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) "916" Çağrı Mərkəzinə daxil olmuş müraciət əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri Müvəqqəti Yerləşdirmə Mərkəzinə plandankənar başçəkmə həyata keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, başçəkmə zamanı barəsində müraciət daxil olmuş əcnəbi vətəndaşın saxlanılmasına dair sənədləşmə araşdırılıb.

Daha sonra Miqrasiya Nəzarəti Baş İdarəsində saxlanılan həmin şəxslə konfidensial görüş keçirilib. Görüş zamanı əcnəbi vətəndaşın müraciəti dinlənilib, qaldırdığı məsələlər yerində araşdırılıb, ona hüquq və vəzifələri barədə ətraflı məlumat verilib. Başçəkmə çərçivəsində əcnəbi vətəndaşın müraciəti yerində təmin olunub. O, müraciətinə operativ reaksiya göstərildiyinə görə təşəkkürünü ifadə edib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) ölkə ərazisində olan hər bir şəxsin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının müdafiəsini qanunvericiliklə müəyyən edilmiş mandat çərçivəsində həyata keçirir.