Yay mövsümündə aviabiletlərin bahalaşmasının səbəbləri nələrdir? - EKSPERT AÇIQLADI

27 İyul 2026 15:49 (UTC+04:00)

Yay mövsümündə xaricə səyahət planlaşdıranların ən çox üzləşdiyi problemlərdən biri aviabiletlərin qiymətidir. Xüsusilə Türkiyə istiqamətində biletlərin bahalaşması sosial şəbəkələrdə də geniş müzakirə olunur. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət həm turistlərin seçimlərinə, həm də turizm sektoruna müəyyən təsir göstərir. Bəs qiymətlər niyə bu qədər yüksəlib və bunun turizmə təsiri nə dərəcədədir? Yay mövsümündə aviabiletlərin bahalaşmasının əsas səbəbləri nələrdir? Aviabileti nə qədər əvvəl almaq daha sərfəlidir?

Məsələ ilə bağlı turizm eksperti Cabir Dövlətzadə SİA-ya açıqlamasında bildirib ki, yay mövsümünün başlaması ilə əlaqədar qardaş Türkiyədə yüksək turizm mövsümü başlayır:

"Yüksək turizm mövsümündə qiymətlər adi dövrlə müqayisədə 30-50 faiz, bəzi hallarda isə 100 faizə qədər arta bilir. Bu, təklif və tələbdən asılıdır. Türkiyədə, xüsusilə turistik bölgələrdə yerləşən otellərin əksəriyyəti “hər şey daxil” sistemi ilə fəaliyyət göstərdiyi üçün turistlər daha çox bu ölkəyə üstünlük verirlər. Çünki insanlar əlavə xərclərlə qarşılaşmaq istəmirlər. Bu səbəbdən Türkiyə ən populyar turizm istiqamətlərindən biri hesab olunur. Azərbaycanın yaxın və qardaş ölkəsi olması da həm mədəni, həm də turizm baxımından onu daha cəlbedici edir. Türkiyədə uzun illərdir “3S” konsepsiyası – Sea, Sand, Sun (dəniz, qum və günəş) əsas üstünlüklərdən biri hesab olunur. Yay mövsümündə bu üç amili eyni anda əldə etmək mümkündür. Üstəlik, “hər şey daxil” sistemi də turistlər üçün bu istiqaməti daha cazibədar edir.

Bundan əlavə, regionda baş verən geosiyasi gərginliklər, xüsusilə enerji qiymətlərinin artması aviareyslərin maya dəyərinə təsir göstərib. Nəticədə aviabiletlərin qiymətlərində də bahalaşma müşahidə olunur. Lakin turistlərə tövsiyə olunur ki, səfərlərini erkən planlaşdırsınlar. Erkən rezervasiya qiymətlərdə təxminən 30 faizə qədər endirim əldə etməyə imkan verir. Beləliklə, həm daha sərfəli qiymətə, həm də daha keyfiyyətli xidmətə sahib olmaq mümkündür. Buna görə də ən azı üç ay əvvəl rezervasiya etmək məqsədəuyğundur.

Aviabiletlər həm turizm şirkətləri vasitəsilə, həm də sərnişinlərin özləri tərəfindən alına bilər. Bunun üçün müxtəlif onlayn platformalar mövcuddur və həmin platformalar vasitəsilə daha sərfəli biletlər seçmək mümkündür. Əgər turistlər paket tur deyil, yalnız tur xidməti alırlarsa, səfər istiqamətini və digər xidmətləri özləri müəyyənləşdirə bilərlər.

Türkiyədən sonra azərbaycanlı turistlərin ən çox üstünlük verdiyi istiqamətlər sırasında İtaliya, Almaniya, Dubay və son dövrlər artan maraq göstərilən Özbəkistan yer alır. Xüsusilə Özbəkistana səfər edən turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Buna səbəb ölkənin Azərbaycanla yaxın münasibətləri və Mərkəzi Asiyada turistlər üçün cəlbedici istiqamətlərdən biri olmasıdır".