Cənub-Qərbi Avropada meşə yanğınları: indiyədək məlum olanlar

27 İyul 2026 15:35 (UTC+04:00)

Fransa, İspaniya və digər Cənub-Qərbi Avropa ölkələrində davam edən genişmiqyaslı meşə yanğınları bölgədə ciddi humanitar və ekoloji böhrana səbəb olub. Həddindən artıq isti hava, uzun sürən quraqlıq və güclü küləklər alovun sürətlə yayılmasına şərait yaradıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ən ağır vəziyyət Fransanın cənub-qərbində, xüsusilə Bordo şəhəri ətrafında müşahidə olunur. Minlərlə yanğınsöndürən alovun yaşayış məntəqələrinə çatmasının qarşısını almağa çalışır. Təhlükəsizlik məqsədilə yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb, bəzi yaşayış məntəqələri isə tamamilə təxliyə edilib. Fransa Prezidenti Emmanuel Makron vəziyyətlə bağlı fövqəladə iclas keçirərək dövlət qurumlarının fəaliyyətini əlaqələndirib.

İspaniyada da vəziyyət gərgin olaraq qalır. Xüsusilə Madridin şimal-qərbində və Kastelyon bölgəsində böyük ərazilər yanıb. Ölkə hökuməti yanğınlarla mübarizəyə əlavə qüvvələr cəlb edib və bəzi bölgələrdə fövqəladə tədbirlər tətbiq olunub.

Yanğınların söndürülməsi üçün Fransa və İspaniyaya Avropa ölkələrindən dəstək göstərilir. Yunanıstan, İtaliya, Portuqaliya, Türkiyə və İsveçrə yanğınsöndürmə təyyarələri, texnika və xilasedicilər göndərərək əməliyyatlara qoşulublar.

Mütəxəssislər bildirirlər ki, rekord istilər və iqlim dəyişikliyi bu cür iri miqyaslı yanğınların həm sayını, həm də intensivliyini artırır. Ümumdünya Səhiyyə Təşkilatı da iqlim dəyişikliyinin meşə yanğınlarının daha tez-tez və daha dağıdıcı olmasına səbəb olduğunu vurğulayır.

Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə bölgədə yeni istilik dalğasının gözlənilməsi yanğınların söndürülməsi işlərini daha da çətinləşdirə bilər. Rəsmilər əhaliyə təhlükəli ərazilərdən uzaq durmağı və təhlükəsizlik göstərişlərinə ciddi əməl etməyi tövsiyə edirlər.

Lətifə Musayeva