“Xaricdə təhsil almaq istəyənlər dövlət proqramına müraciət etsinlər”

27 İyul 2026 14:43 (UTC+04:00)

"Gənclərin xaricdə təhsil almaq məsələsi təbii ki, bizim əsasən nəzərdə tutduğumuz dövlət proqramı da xaricdə təhsil almaq məsələsidir. Yalnız dövlət proqramına qoşula bilməyənlər, eyni zamanda ölkədə ali təhsilə qəbul ola bilməyənlər attestat ilə qeyri-leqal qəbula üstünlük verirlər. Bu isə bir çox hallarda diplomlarının tanınmaması, ixtisaslarının tanınmaması ilə nəticələnir ki, bu da doğru yanaşma deyil".

Bu sözləri SİA-ya açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, abituriyentlərin ölkədə ali təhsil müəssisələrinə qəbul olmamasından bəzi işbazlar, dələduzlar, həm şəxslər, həm də müəyyən şirkətlər faydalanırlar və nəticə etibarilə sonradan məlum olur ki, həmin ixtisas və ya universitetin diplomu ölkəmizdə tanınmır:

"Təbii ki, belə olduğu halda vətəndaşlar aldanırlar, qurbana çevrilirlər. Dövlət proqramının üstün tərəfləri var və xaricdə təhsil almaq istəyənlər bilsinlər ki, cənab Prezident tərəfindən 2022-2028-ci illəri əhatə edən dövlət proqramı ilə bağlı sərəncam verib və həmin sərəncamda Azərbaycan vətəndaşları dünyanın nüfuzlu ali təhsil müəssisələrində ali təhsil ala bilirlər. Həm bakalavr, həm magistr və son illərdə də doktorantura pilləsi istiqamətində.

Sonuncu illərdə, bu il məsələn, 500 nəfər vətəndaşımız dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazandılar. Bu özlüyündə üstün məqamdır və yaxşı olar ki, ümumiyyətlə vətəndaşlar dövlət proqramına müraciət edib xaricdə təhsil alsınlar".