Çin avtomobilləri və onların ehtiyyat hissələri problemləri: Hansı alternativ yollar var? - Münasibət Bildirildi

27 İyul 2026 14:39 (UTC+04:00)

Bu gün Azərbaycanda istifadə olunan Çin avtomobillərinin təxminən 95 faizinin ehtiyat hissələrini tapmaq mümkündür. Hər hansı detal satışda olmadıqda isə sifarişlə maksimum 10–15 gün ərzində ölkəyə gətirilir. Bu baxımdan ehtiyat hissələrinin əlçatmaz olması ilə bağlı narahatlıq artıq əvvəlki qədər aktual deyil.

Bu sözləri SİA-ya avtomobil ustası Sahil Ağabəyli deyib.

O bildirib ki, digər tərəfdən, bazarda keyfiyyətsiz və saxta ehtiyat hissələri də mövcuddur. Hətta bununla bağlı çəkdiyim videolarda da göstərmişəm ki, bəzi ehtiyat hissələri olduqca aşağı keyfiyyətlidir. Belə detallar bəzən yeni və orijinal məhsulun yarı qiymətinə satılır və təəssüf ki, bəzi sürücülər də qiyməti ucuz olduğu üçün onlardan istifadə edirlər. Bu isə sonradan avtomobilin texniki vəziyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərə bilər:

“Çin avtomobillərinə gəldikdə isə, bu gün bazarda olan çoxsaylı marka və modellərin əksəriyyəti üçün ehtiyat hissəsi tapmaq mümkündür. Əgər bazarda 20 fərqli Çin markası və modeli varsa, onların ən azı 15-i üçün lazım olan detallar əlçatandır.

Nəzərə almaq lazımdır ki, Çin avtomobilləri Azərbaycanda kütləvi şəkildə cəmi son 2–4 ildə yayılıb. Buna baxmayaraq, indiyədək sifarişlə belə gətirilə bilməyən və ya ümumiyyətlə tapılmayan ehtiyat hissəsi ilə rastlaşmamışam.

Mənim fikrimcə, yeni avtomobil almaq istəyən və qiymət–keyfiyyət nisbətini nəzərə alan alıcılar üçün Çin avtomobilləri hazırda dəyərləndirilə biləcək seçimlərdən biridir”.

Ayşən Vəli