Bir neçə banka olan kredit borcunu bir kreditdə birləşdirmək, yəni kredit konsolidasiyası, ilk baxışdan rahat görünə bilər. Məsələn, bir banka 1 000 manat, digərinə 3 000 manat, üçüncüsünə isə 5 000 manat borcunuz varsa, yeni götürdüyünüz 9 000 manatlıq kreditlə bütün bu borcları bağlayaraq yalnız bir banka ödəniş etmək mümkündür.
Bu sözləri SİA-ya bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, bu, ödəniş baxımından həqiqətən də rahatlıq yaradır. Çünki hər ay bir neçə banka ayrı-ayrılıqda ödəniş etmək əvəzinə, yalnız bir ödəniş həyata keçirilir. Beləliklə, həm vaxt itkisi azalır, həm də ödənişi unutmaq riski minimuma enir:
“Lakin burada ən vacib məqam faiz dərəcəsidir. Əgər yeni kreditin faiz dərəcəsi əvvəlki kreditlərin faizindən yüksək deyilsə, bu addım rahatlıq baxımından məqsədəuyğun hesab oluna bilər. Yeni kreditin faizi daha aşağı olarsa, bu halda həm aylıq yükü azaltmaq, həm də ümumi ödəniləcək məbləği aşağı salmaq mümkün ola bilər.
Əksinə, yeni kreditin faiz dərəcəsi əvvəlki kreditlərdən yüksəkdirsə, yalnız rahatlıq naminə belə bir qərar vermək maliyyə baxımından sərfəli olmaya bilər. Bu səbəbdən kreditləri birləşdirməzdən əvvəl yeni kreditin faizini, ümumi ödəniləcək məbləği və əlavə komissiya xərclərini mütləq müqayisə etmək lazımdır”.
Ayşən Vəli