Müasir dövrdə insanların qarşılaşdığı ən böyük psixoloji problemlərdən biri xroniki stress və narahatlıqdır. Sürətli həyat tərzi, yüksək gözləntilər, iqtisadi çətinliklər, sosial şəbəkələrin yaratdığı müqayisə hissi və daim “hər şeyə çatmalıyam” düşüncəsi insanın psixi sağlamlığına ciddi təsir göstərir. İnsanlar çox vaxt öz dəyərlərini daxili keyfiyyətləri ilə deyil, əldə etdikləri uğurlar, maddi imkanlar və başqalarının fikri ilə ölçməyə başlayırlar.
Bu sözləri SİA-ya psixoloq Leyla Əli deyib.

O bildirib ki, son illərdə depressiya, təşviş pozuntuları, panik ataklar, obsesiv-kompulsiv pozuntu (OKP), emosional tükənmə (burnout), tənhalıq hissi və özünəinam problemləri əvvəlki illərlə müqayisədə daha çox müşahidə olunur. Bir çox insan problemlərini uzun müddət gizlədir, bunu zəiflik kimi qəbul edir və peşəkar dəstək almaq üçün gecikir. Halbuki psixoloji çətinliklər də digər sağlamlıq problemləri kimi vaxtında müdaxilə tələb edir:
”Müasir dövrün diqqət çəkən problemlərindən biri də natamamlıq qorxusu və ya “kifayət qədər yaxşı deyiləm” düşüncəsidir. İnsanlar özlərini başqalarının həyatları ilə müqayisə etdikcə, daim nəyinsə çatışmadığını hiss edirlər. Daha uğurlu olmaq, daha gözəl görünmək, daha çox qazanmaq və hər sahədə mükəmməl olmaq arzusu zamanla güclü psixoloji təzyiq yaradır. Bu vəziyyət özünü davamlı narazılıq, uğursuzluq hissi, özünü tənqid etmə, qərar verməkdə çətinlik və gələcəklə bağlı narahatlıq kimi göstərə bilər.
Xüsusilə sosial şəbəkələr bu hissin formalaşmasında mühüm rol oynayır. İnsanlar başqalarının həyatının yalnız ən uğurlu və xoşbəxt anlarını gördükləri üçün öz həyatlarını qeyri-real standartlarla müqayisə edirlər. Nəticədə “hamı məndən daha xoşbəxtdir”, “mən geridə qalmışam” və ya “heç vaxt kifayət qədər yaxşı olmayacağam” kimi düşüncələr yaranır. Bu isə narahatlıq, özünəinamın azalması və emosional gərginliyin artmasına səbəb olur.
Bundan əlavə, müasir insan daim məhsuldar olmağa çalışır. İstirahət etdikdə belə özünü günahkar hiss edir, hər an inkişaf etməli, öyrənməli və daha çox işləməli olduğunu düşünür. Bu davamlı performans təzyiqi emosional tükənməyə, motivasiya itkisinə və həyat keyfiyyətinin aşağı düşməsinə gətirib çıxara bilər.
Psixi sağlamlığı qorumaq üçün emosiyalarımızı tanımaq, özümüzü başqaları ilə müqayisə etməməyə çalışmaq, real gözləntilər formalaşdırmaq, istirahətə və şəxsi sərhədlərə hörmət etmək vacibdir. Sağlam sosial münasibətlər qurmaq, özünə qarşı mərhəmətli olmaq və ehtiyac yarandıqda psixoloqa müraciət etmək psixi sağlamlığın qorunmasında mühüm rol oynayır. Kömək istəmək zəiflik deyil, əksinə, insanın öz sağlamlığına qarşı məsuliyyətli və yetkin yanaşmasının göstəricisidir”.
Ayşən Vəli