"Ümumiyyətlə, ağacın oksigen istehsal etməsi onun ölçüsündən və ya yaş dövründən çox asılıdır". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Rövşən Abbasov deyib.

Onun sözlərinə görə, bu baxımdan, mövsümə uyğun çinar və palıd ağacları daha çox oksigen istehsal edirlər və həm də daha çox karbon tuturlar Yəni, yerindən asılı olaraq:
"Əgər balaca ağaclardan, kiçik ölçülü dekorativ ağaclardan söhbət gedirsə, əlbəttə ki, mövsümə uyğun ağaclar daha yaxşıdır. Xüsusilə palıd və çinar ağacları. Həm dekorativ və həm də digər ağac növləri oksigen yaratmaq qabiliyyətinə malikdirlər. Lakin həmişəyaşıl ağaclar ( şam, küknar), enliyarpaqlılar (palıd , qovaq, söyüd və s.) daha çox oksigen yaratmaq qabiliyyətinə malikdirlər. Dekorativ ağaclar həm estetik baxımdan, həm də oksigen yaratmaq baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, oksigen yaratmaq qabiliyyətinə ağacların sıxlığı, böyüklüyü, növləri də təsir göstərir.
Şam ağaclarının boyları kiçik olsa belə, onlar il boyu yaşıl qalırlar və fotosintez prosesində il boyu iştirak edirlər. Karbon tutulmasında və oksigen istehsalında çox aktivdirlər. Məhz buna görə yaşıllaşdırma işlərində iqlimə uyğun şam ağaclarından daha çox istifadə etmək lazımdır.
Yaşıllaşdırma işləri aparılarkən yalnız dekorativ görünüş deyil, ağac növlərinin ekoloji faydaları da nəzərə alınmalıdır. İqlim şəraitinə uyğun seçilən ağaclar daha sağlam inkişaf edir, uzunömürlü olur, havanın keyfiyyətinin yaxşılaşdırılmasına, şəhər mühitində istiliyin azalmasına və biomüxtəlifliyin qorunmasına daha çox töhfə verir. Buna görə də ağacəkmə zamanı ərazinin iqlim xüsusiyyətlərinə uyğun növlərə üstünlük verilməsi daha məqsədəuyğundur".
Lətifə Musayeva