"Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun son illərdə güclənməsi bir sıra siyasi, iqtisadi, diplomatik və geostrateji amillərin qarşılıqlı təsiri ilə bağlıdır. Bu prosesdə ölkəmizin regional siyasətdə rolunun artması ilə yanaşı, qlobal gündəmdə daha fəal iştirak etməsi də xüsusi rol oynayır".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
.jpg)
Onun sözlərinə görə, ilk növbədə, Azərbaycanın geostrateji mövqeyi ölkənin beynəlxalq əhəmiyyətini artıran əsas amillərdən biridir:
"Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və logistika marşrutlarının üzərində yerləşməsi Azərbaycanın tranzit ölkə kimi rolunu gücləndirib. Xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda alternativ ticarət marşrutlarına marağın artması Orta Dəhlizin əhəmiyyətini yüksəldib və Azərbaycanın bu marşrutun əsas iştirakçılarından biri kimi strateji mövqeyini möhkəmləndirib. Bu vəziyyət ölkənin regional iqtisadi əməkdaşlıq platformalarında təsir imkanlarını genişləndirib.
Enerji təhlükəsizliyi sahəsində oynadığı rol da Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verib. Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti fonunda Azərbaycan etibarlı təbii qaz təchizatçısı kimi ön plana çıxıb. Cənub Qaz Dəhlizi və onun tərkib hissələri vasitəsilə həyata keçirilən ixrac Avropa ölkələri ilə siyasi və iqtisadi tərəfdaşlığın dərinləşməsinə şərait yaradıb. Başqa sözlə enerji əməkdaşlığı həm iqtisadi, həm də diplomatik münasibətlərin inkişafında mühüm alətə çevrilib.
Digər mühüm amil Azərbaycanın çoxtərəfli diplomatiyada fəallığının artmasıdır. Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər, beynəlxalq humanitar forumlara ev sahibliyi etməsi və müxtəlif beynəlxalq platformalarda iştirak etməsi ölkənin diplomatik mövqeyini gücləndirib.
Regional təhlükəsizlik məsələləri də Azərbaycanın beynəlxalq mövqeyinə təsir edən mühüm faktorlardandır. Ərazi bütövlüyünün bərpasından sonra regionda formalaşan yeni geosiyasi reallıq Azərbaycanın Cənubi Qafqazda əsas siyasi aktorlardan biri kimi rolunu gücləndirib.
Ümumi olaraq dəyərləndirsək deyə bilərik ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun güclənməsi enerji diplomatiyası, geostrateji mövqe, nəqliyyat-kommunikasiya layihələri və çoxtərəfli diplomatik fəaliyyət kimi amillərin birgə təsiri ilə izah olunur".