"Hava məkanımızı pozan hər hədəf dərhal zərərsizləşdiriləcək"

25 İyul 2026 17:56 (UTC+04:00)

Rumıniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Georgitsa Vlad ölkənin hava məkanının pozulmasına qarşı qətiyyətli mövqe nümayiş etdirəcəyini bəyan edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın “Digi24” televiziya kanalı məlumat yayıb.

Generalın açıqlaması Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısının 24 saat ərzində ölkənin hava məkanını pozan ikinci pilotsuz uçuş aparatını vurmasından sonra səsləndirilib.

Georgitsa Vlad bildirib ki, Rumıniya vətəndaşları bir məqamı dəqiq bilməlidirlər: “Ölkənin hava məkanı pozulduğu anda Silahlı Qüvvələr artıq hadisə yerində olur və təhlükənin aradan qaldırılması üçün bütün zəruri tədbirləri həyata keçirir”.

Baş Qərargah rəisinin sözlərinə görə, son əməliyyat yüksək peşəkarlıqla icra olunub. Pilotsuz uçuş aparatı yaşayış məntəqələrindən uzaqda, mülki əhali üçün heç bir təhlükə yaratmadan zərərsizləşdirilib. O vurğulayıb ki, Rumıniya Silahlı Qüvvələri ölkənin hava məkanının toxunulmazlığını təmin etmək üçün sutkanın 24 saatı fasiləsiz xidmət aparır.

Georgitsa Vlad gecə-gündüz döyüş növbətçiliyi həyata keçirən hərbçilərə təşəkkür edərək onların peşəkarlığının Rumıniyanın və NATO-nun şərq cinahının təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını bildirib.

Rumıniya Prezidenti Nikuşor Dan da təsdiqləyib ki, ikinci pilotsuz uçuş aparatı səhər saatlarında Tulça rayonunda, Sfıntu George yaşayış məntəqəsindən təxminən 10 kilometr qərbdə, Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus və rumıniyalı pilotun idarə etdiyi F-16 qırıcısı tərəfindən vurulub. Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz uçuş aparatı təhlükəsizlik prosedurlarına tam əməl edilməklə yaşayış olmayan ərazidə məhv edilib.

Bu, ardıcıl iki gün ərzində Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatlarının F-16 qırıcıları tərəfindən zərərsizləşdirilməsi ilə nəticələnən ikinci hadisədir. Rumıniya hakimiyyəti hava məkanının mühafizəsinin daha da gücləndirildiyini, vəziyyətin isə NATO müttəfiqləri ilə sıx koordinasiya şəraitində izlənildiyini bildirib.