Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı. Bunu bir neçə aspektdən əsaslandırmaq olar.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Berlində fəaliyyət göstərən tanınmış jurnalist Evald Köniq bildirib.
Prezident İlham Əliyevin Berlində ən yüksək səviyyədə qarşılandığını vurğulayan E.Köniq qeyd edib ki, Birgə Bəyannamənin imzalanması təkcə simvolik jest deyil, həm də geniş əməkdaşlıq üçün möhkəm baza yaradır. Bu əməkdaşlıq əvvəlki kimi yalnız praqmatik xarakter daşımır, artıq strateji əsaslara söykənir.
“Bu, hər iki tərəfin maraqlarına uyğundur. Almaniya enerji idxalını şaxələndirməlidir və enerji təchizatçısı kimi Azərbaycana ehtiyac duyur. Bu çərçivədə Almaniya Azərbaycanın etibarlı tərəfdaş olduğunu təcrübədə görüb. Azərbaycan üçün isə etibarlı alıcıya malik olmaq, beynəlxalq enerji təchizatçısı kimi rolunu gücləndirmək və siyasi çəkisini artırmaq vacibdir. Enerji və xammaldan əlavə, Asiya ilə Avropa arasında daşımaların artıq Rusiya üzərindən həyata keçirilməsinin mümkün olmadığı bir şəraitdə Azərbaycan tranzit ölkə kimi də Almaniya üçün böyük əhəmiyyət qazanıb, - deyə tanınmış jurnalist bildirib.
Almaniya Kansleri Fridrix Mertsin Azərbaycanın Avropanın enerji təhlükəsizliyi və Avropa ilə Mərkəzi Asiyanı birləşdirən Orta Dəhliz baxımından əhəmiyyəti barədə fikirlərinə də toxunan E.Köniq deyib: “Əvvəllər Azərbaycan əsasən enerji və xammal ölkəsi kimi önəmli idi və bu, belə də qalmaqdadır. Lakin hazırda ölkə Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanın kəsişməsində yerləşməsi və mühüm bağlantı nöqtəsi olması ilə siyasi baxımdan da daha böyük əhəmiyyət qazanıb.
Bununla yanaşı, Cənubi Qafqaz artıq sabitləşən bir bölgəyə çevrilir. Bu təhlükəsizlik siyasəti Almaniyanın maraqlarında möhkəm yer almaqdadır və Prezidentin Berlində yüksək səviyyədə qarşılanması, eləcə də Birgə Bəyannamənin imzalanması ilə bu yanaşmaya müvafiq qiymət verildi”.