Yarım ildə “KOB könüllüləri” proqramına 725 gənc müraciət edib

24 İyul 2026 17:49 (UTC+04:00)

“KOB könüllüləri” proqramına maraq artmaqda davam edir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, KOBİA ölkədə könüllü fəaliyyətinin inkişafına, gənclərin əmək fəaliyyətinə başlayana qədər praktiki bilik və bacarıqlarının inkişafına dəstək olmaqda davam edir. Bu məqsədlə KOBİA-da həyata keçirilən “KOB könüllüləri” proqramına maraq böyükdür.

“Cari ilin yanvar-iyun aylarında proqrama qoşulmaq üçün agentliyə 725 müraciət daxil olub. KOBİA-nın könüllü ehtiyacına və növbəlilik prinsipinə uyğun olaraq artıq 66 gənc KOBİA-da könüllü proqramına cəlb olunub. Onlar əsasən agentlikdə, eləcə də Bakı, Gəncə, Yevlax və Xaçmaz KOB evlərində könüllü fəaliyyətinə cəlb olunublar. Digər müraciətlər isə il ərzində agentliyin könüllü ehtiyacı çərçivəsində dəyərləndiriləcək”, - deyə KOBİA-nın məlumatında bildirilir.

Qeyd edək ki, 2018-ci ildən həyata keçirilən “KOB könüllüləri” proqramı çərçivəsində gənclər real tapşırıqların və layihələrin icrasında, tədbirlərin təşkili və sahibkarlara göstərilən xidmət prosesində iştirak etməklə praktik bacarıqlar əldə edir, ilkin əmək vərdişlərinə yiyələnirlər. Könüllülük müddətində gənclər müxtəlif istiqamətlər üzrə praktiki təcrübə qazanmaqla yanaşı, sahibkarlığın inkişafına yönəlmiş layihələrin və tədbirlərin həyata keçirilməsində iştirak edir, biznesə dəstək mexanizmləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Bugünədək proqrama 909 nəfər qoşulub. Onlar əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Sumqayıt və Mingəçevir dövlət universitetləri, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi aparıcı ali təhsil müəssisələrinin tələbə və məzunlarıdır.

“KOB könüllüləri” proqram hər biri 3 ay olmaqla iki mərhələdən ibarətdir. Könüllü fəaliyyətini uğurla başa vuran iştirakçılara sertifikatlar verilir. “KOB könüllüləri” Proqramına qoşulmaq istəyən tələbə və magistrlar (idarəetmə, biznes və menecment ixtisaslarına üstünlük verilir) https://smb.gov.az/az/volunteer keçidi vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.