Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının nəticələri elan olunub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, iyunun 25-də doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 16-da isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Həmçinin iyunun 17-19-da namizəd və iddiaçıların danışıq bacarıqları yoxlanılıb.
İmtahanlarda ümumilikdə 2243 namizəd və iddiaçı iştirak edib. Onlardan 1864 nəfəri doktoranturaya qəbul, 378 nəfəri xarici dil üzrə fəlsəfə doktoru, 1 nəfəri isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı verib. 73 nəfər imtahanda iştirak etməyib.
Qəbul imtahanının nəticələrinə əsasən, 1174 nəfər müəyyən edilmiş tələbləri ödəyərək fəlsəfə imtahanına buraxılıb. Xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə 109 nəfər tələb olunan nəticəni göstərib. Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak edən əcnəbi iddiaçı da müəyyən edilmiş şərtləri ödəyib.
Bildirilib ki, xarici dil üzrə qəbul imtahanında, eləcə də Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında bloklar üzrə minimum 2 bal şərti nəzərə alınmaqla 25 və daha yuxarı bal toplayan namizədlər imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab olunurlar. Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər isə dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən etibarən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri halda xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad edilirlər.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul qiymət almaq üçün tələb olunan minimal bal 30-dur. Bu zaman bloklar üzrə minimum 2 bal tələbi də nəzərə alınır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması məqsədilə DİM tərəfindən iyulun 27-dən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil olunacaq.
Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrindən apellyasiya şikayəti vermək istəyən şəxslər iyulun 25-i saat 10:00-dan iyulun 26-sı saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının nəticələri ilə bağlı müraciət etmək istəyənlər isə iyulun 25-i saat 10:00-dan iyulun 26-sı saat 17:00-dək [email protected] ünvanına yazılı müraciətlərini göndərə bilərlər.
Göstərilən müddətdə qeydiyyatdan keçməyən namizədlərin sonradan apellyasiya müraciəti etmək imkanı olmayacaq.