Ölkədə pensiyaçılara nəqliyyat pulsuz olacaq? - İQTİSADÇI AÇIQLADI

24 İyul 2026 17:02 (UTC+04:00)

“Bir sıra ölkələrdə pensiyaçılar, əlilliyi olan şəxslər və digər sosial həssas təbəqələr üçün ictimai nəqliyyatdan güzəştli və ya tam ödənişsiz istifadə imkanları mövcuddur. Bu yanaşma onların sosial müdafiəsinin gücləndirilməsinə və gündəlik nəqliyyat xərclərinin azaldılmasına xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.

Onun sözlərinə görə. Azərbaycanda da belə bir sistemin tətbiqi mümkündür:

“Bunun reallaşdırılması üçün dövlət büdcəsinin imkanları, ictimai nəqliyyatın maliyyələşmə mexanizmi və daşıyıcı şirkətlərə mümkün maliyyə təsirləri əvvəlcədən ətraflı qiymətləndirilməlidir.

Güzəştli tariflər tətbiq olunacağı halda, daşıyıcıların gəlirlərində yaranacaq fərq dövlət tərəfindən subsidiya vasitəsilə kompensasiya edilməlidir. Bu yanaşma ictimai nəqliyyat xidmətinin keyfiyyətinin və dayanıqlılığının qorunmasına kömək edər.

Hazırkı mərhələdə bu məsələ daha çox dövlətin sosial siyasətdə müəyyən etdiyi prioritetlərdən asılıdır. Əgər hökumət pensiyaçılar üçün sosial dəstək tədbirlərini genişləndirməyi qərara alsa, ictimai nəqliyyatda güzəştli gediş hüququ da həmin tədbirlər sırasında yer ala bilər.

Güzəştlərin bütün pensiyaçılara deyil, daha aşağı məbləğdə pensiya alan və sosial dəstəyə daha çox ehtiyacı olan şəxslərə ünvanlı şəkildə verilməsi daha məqsədəuyğun olar. Bu, həm büdcə vəsaitindən daha səmərəli istifadəyə, həm də sosial ədalətin təmin edilməsinə şərait yaradar”.