”Zəncəfil həm bioloji aktiv birləşmələr, həm də vitamin və minerallarla zəngin təbii qida hesab olunur. Tərkibində efir yağı və yüksək miqdarda lif olduğundan orqanizmə müxtəlif istiqamətlərdə müsbət təsir göstərir”. Bu sözləri sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, zəncəfilin əsas aktiv maddələrindən biri olan gingerol güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Bu maddə sərbəst radikallarla mübarizə apararaq hüceyrələrin qorunmasına kömək edir. Qurudulmuş və ya yüngül şəkildə bişirilmiş zəncəfil isə baş, mədə və digər nahiyələrdə yaranan ağrıların azalmasına dəstək ola bilər.
Zəncəfil mikroblara qarşı təsir göstərməklə yanaşı, tərkibindəki B6, C və E vitaminləri sayəsində sinir sisteminin fəaliyyətini dəstəkləyir, maddələr mübadiləsini sürətləndirir, immun sistemini gücləndirir və hüceyrələrin yenilənməsini stimullaşdırır. Eyni zamanda maqnezium, dəmir, sink, kalsium, fosfor və kalium kimi minerallar sümük, əzələ və ürək sağlamlığının qorunmasına töhfə verir. Lifli quruluşa malik olması isə həzm sisteminin normal fəaliyyətinə müsbət təsir göstərir.
Bununla yanaşı, zəncəfil həddindən artıq qəbulunun arzuolunmaz nəticələr yarada bilər. Normadan artıq istifadə mədədə yanma, turşuluğun artması və spazmlara səbəb ola bilər. Zəncəfil qanın laxtalanmasını ləngitdiyi üçün xüsusilə əməliyyat ərəfəsində ehtiyatla istifadə edilməlidir. Hamilə qadınlara da onu yalnız həkim məsləhəti ilə qəbul etmək tövsiyə olunur. Aşağı təzyiqdən əziyyət çəkən insanlarda isə həddindən artıq istifadə başgicəllənmə, halsızlıq və bayılma hissi yarada bilər. Nadir hallarda dəri səpkisi və qaşınma kimi allergik reaksiyalar da müşahidə oluna bilər. Zəncəfil düzgün miqdarda və məqsədəuyğun şəkildə istifadə edildikdə sağlamlıq üçün faydalı təsirlərindən maksimum yararlanmaq mümkündür”.