Vaxt çatışmazlığı həqiqətən iş yükü ilə bağlıdır, yoxsa həyat tərzimiz dəyişib? - PSİXOLOQ AÇIQLADI

24 İyul 2026 16:43 (UTC+04:00)

Son illər həyatımızı asanlaşdırmaq üçün texnologiyalar sürətlə inkişaf edir, bir çox işi isə bir neçə dəqiqəyə həll etmək mümkün olur. Amma buna baxmayaraq, gündəlik həyatda ən çox eşitdiyimiz ifadələrdən biri yenə də "vaxtım yoxdur" sözləridir. Maraqlıdır ki, bu fikri təkcə çox işləyən insanlar deyil, demək olar ki, hər yaşdan və hər peşədən olan insanlar səsləndirirlər. Bəs doğrudanmı vaxtımız azalıb, yoxsa sadəcə onu fərqli şəkildə istifadə edirik?

Niyə bu gün insanlar daha tez-tez "vaxtım yoxdur" deyirlər? Bunun əsas səbəbləri nələrdir? "Həmişə məşğulam" düşüncəsi müasir həyat tərzinin bir hissəsinə çevrilibmi? Vaxt çatışmazlığı həqiqətən iş yükü ilə bağlıdır, yoxsa həyat tərzimiz dəyişib?

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, son illər həyatımızda tez-tez eşitdiyimiz bir cümlə var: “Vaxtım yoxdur, vaxtımı çatdıra bilmirəm”.

“Təbii ki, bu sözlərin deyilməsinin səbəbi var. Əsas səbəblərdən biri odur ki, informasiya o qədər çoxdur ki, insan bəzən cəmi 5 dəqiqəlik uzanıb əlinə telefon alır. İstər Facebook, istər Instagram, istər TikTok, istərsə də xəbər portallarında paylaşılan məlumatlara baxarkən bir də görür ki, nəzərdə tutduğu qısa vaxt artıq saatlara çevrilib.

Nəticədə həmin müddətdə görülməli olan işləri çatdıra bilmir. Məsələn, saat 1-dən 3-ə qədər görəcəyi işi 4-dən 5-ə keçirir, 4-dən 5 arasında görəcəyi işi isə avtomatik olaraq başqa vaxta təxirə salır.

Bu səbəbdən insanlar tez-tez “Vaxtım yoxdur” deyirlər. Bunun əsas səbəblərindən biri informasiya bolluğu və sosial şəbəkələrdə keçirdiyimiz mənasız vaxtdır. Hətta bəzən bizə elə gəlir ki, 24 saatımız sanki 12-13 saat kimidir. Çünki vaxtın necə keçdiyini hiss etmirik. Bir də baxırıq ki, texnologiya bizi vacib işlərdən uzaqlaşdırıb.

Bunun nəticəsində müxtəlif problemlər yaranır. İlk növbədə yuxu rejimi pozulur. İnsan gecə saat 10-11-də yatmaq üçün uzanır, amma bir də baxır ki, artıq gecə saat 3, 4, hətta səhər saat 5-dir. Canlı yayımlarda da görürük ki, fərqi yoxdur, istər psixoloqlar, istər məsləhətçilər, istərsə də digər peşə sahibləri olsun, gecə saatlarına qədər sosial şəbəkələrdə aktiv qalırlar.

İnsan gecə yatmadıqda, növbəti günün böyük hissəsini yorğun keçirir. İşlərini yarımçıq qoyur, görüləcək işlər üst-üstə yığılır və onların öhdəsindən gəlmək çətinləşir. Nəticədə yenə də eyni fikir yaranır: “Vaxtım çatmır.”

Deməli, burada əsas məsələ ondan ibarətdir ki, insan şüurlu olsa da, bəzən şüursuz davranışlarla həm gününü, həm də həyat keyfiyyətini qısaldır.

Əlbəttə, biz artıq 70-80-ci illərdə yaşamırıq. O dövrdə informasiya bugünkü qədər çox deyildi. İnsanlar axşam müəyyən saatda yatır, həftəsonu isə ən gec bitən filmi izləyib rahat şəkildə dincəlirdilər.

Göründüyü kimi, zaman dəyişdikcə, informasiya axını artdıqca bu, insanların həyat tərzinə birbaşa təsir göstərir. Həyat tərzimiz dəyişdikcə isə insanlar yenə də “Vaxtımız yoxdur” deməyə davam edirlər. Çünki texnologiya inkişaf etdikcə ona ayırdığımız vaxtı düzgün idarə edə bilmirik.

Bu isə müxtəlif problemlərə səbəb olur: stress, emosional gərginlik, münasibətlərdə çətinliklər, həmçinin ürək-damar sistemi xəstəlikləri və digər sağlamlıq problemləri yarana bilər. Çünki bədən dincəlmir, beyin yorulur və qəbul etdiyi çoxsaylı informasiyanı düzgün emal edə bilmir. Nəticədə orqanizm SOS siqnalı verir və bu vəziyyət zamanla müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər”.