"Azərbaycan beynəlxalq siyasətdə nüfuzunu getdikcə artırır" - Deputat

24 İyul 2026 15:42 (UTC+04:00)

"Azərbaycanın bildiyimiz kimi son zamanlar beynəlxalq təşkilatlara sədrlik etməsi, qlobal əhəmiyyətli beynəlxalq konfransların ölkəmizdə keçirilməsi, həmçinin təkcə siyasi, təhlükəsizlik çərçivəsində deyil, eyni zamanda humanitar, mədəni, idman yarışlarının ölkəmizdə keçirilməsi təbii ki, ölkənin imicinin PR edilməsi və ölkənin tanıdılması baxımından çox önəmlidir".

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, təbii ki, birincisi, biz Azərbaycanın orta güc kateqoriyalı ölkələr qrupuna daxil olduğunu deyirik:

"Azərbaycan artıq Vətən müharibəsindən sonra yeni bir reallıq yaratmışdır və yaratdığı yeni reallıq ölkədə keçirilən tədbirlər, Azərbaycanın sədrlik etdiyi beynəlxalq təşkilatlar, ölkəmizdə keçirilən tədbirlərlə ölçülür. Yəni beynəlxalq siyasətdə böyük gündəmin, gündəliyin formalaşmasına təsir edən ölkələr adətən belə bir orta güc kateqoriyasına çıxan ölkələrdir, bu kimi tədbirləri həyata keçirir və sədrlik edir.

Məsəl üçün, son zamanlar ölkəmizin COP29 kimi dünya səviyyəli tədbirə sədrlik etməsi, ev sahibliyi etməsi, daha sonra Beynəlxalq Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsi. Eyni zamanda, bildiyiniz kimi, Azərbaycan bir neçə il bundan öncə BMT-nin Baş Assambleyasından sonra ən böyük BMT qurumu olan Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bundan başqa, ölkəmizin təxminən 10-12 il bundan əvvəl BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə iki il müddətinə seçilməsi, həmçinin ölkəmizin istər İslam Əməkdaşlıq Təşkilatında, istər Türk Dövlətləri Təşkilatında lider rolu, ölkəmizin D-8 İnkişaf etməkdə olan İslam ölkələri təşkilatına qoşulması və orada drayver, lokomotiv gücə çevrilməsi – bütün bunlar hamısı ölkəmizin beynəlxalq siyasətdə, beynəlxalq təşkilatlarda nə qədər gücləndiyinin göstəricisidir.

Xüsusilə də nəzərə alsaq son zamanlar Avropa İttifaqına üzv ölkələrin Azərbaycanla əməkdaşlığa can atması, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin, o cümlədən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın ölkəmizə səfərləri bir daha sübut edir ki, Azərbaycan beynəlxalq siyasətdə, beynəlxalq təhlükəsizlik kontekstində, beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsində çox güclü bir ölkəyə çevrilmişdir.

Mən hesab edirəm ki, Azərbaycanın bundan sonra beynəlxalq təşkilatlardakı nüfuzu daha da artacaq, beynəlxalq tədbirlərin keçirilməsi daha da çoxalacaq. Çünki dediyim kimi, artıq biz bu təcrübənin bünövrəsini qoymuşuq. Təcrübəmiz var beynəlxalq mötəbər tədbirlərə, beynəlxalq təşkilatlara sədrlik etmək, tədbirlərə ev sahibliyi etmək. Ona görə də bu istiqamətdə ölkəmizin nüfuzunun daha da çoxalacağı yaxın gələcəkdə baş verəcək. Artıq bu nüfuz güclüdür və daha da artacaq. Tədbirlərin və təşkilatlara sədrliyin genişlənəcəyi, mən hesab edirəm ki, yaxın gələcəyin planlarındadır".

Lətifə Musayeva