Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Zəngilan rayonunda Zəngilan və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib.
Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, qəbul zamanı vətəndaşlar məşğulluq, ünvanlı sosial yardım, birdəfəlik müavinət və s. məsələlərlə bağlı müraciət ediblər. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Sonra Zəngilan rayonunun Ağalı kəndində yerləşən "Smart DOST" məntəqəsinə baxış keçirilib, vətəndaşlara göstərilən xidmətlərin təşkili ilə tanışlıq olub. Burada vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə 130-dan çox xidmət çevik, şəffaf və innovativ yanaşma ilə təqdim edilir.
Özünüməşğulluq proqramının dəstəyi ilə üç sakin üçün kişi bərbərxanası istiqaməti üzrə aktivlər verilib. Proqram iştirakçıları işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.