Miras məsələləri cəmiyyətdə ən çox mübahisəyə səbəb olan hüquqi məsələlərdən biridir. İnsanlar çox vaxt düşünür ki, valideyn vəfat etdikdən sonra əmlak avtomatik olaraq uşaqlar arasında istədikləri kimi bölünür. Halbuki, mirasın bölünməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir.
Bu sözləri SİA-ya vəkil Səma Əhmədova deyib.

O bildirib ki, ilk növbədə qeyd etmək lazımdır ki, əgər mərhum sağlığında vəsiyyətnamə tərtib etməyibsə, miras qanun üzrə vərəsəlik qaydasında bölünür:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, birinci növbə vərəsələrə mərhumun uşaqları, həyat yoldaşı və valideynləri daxildir. Bu şəxslər, bir qayda olaraq, mirasdan bərabər pay alırlar.
Məsələn, əgər vəfat edən şəxsin həyat yoldaşı və iki övladı varsa, miras üç bərabər hissəyə bölünür. Əgər həyat yoldaşı və ya valideynlər yoxdursa, həmin halda miras yalnız uşaqlar arasında bərabər paylarla bölünəcək.
Praktikada tez-tez rast gəlinən yanlış təsəvvürlərdən biri də odur ki, oğlan övladının qız övladından daha çox pay almaq hüququ olduğu düşünülür. Azərbaycan qanunvericiliyində belə bir fərq nəzərdə tutulmayıb. Qız və oğlan övladları miras hüququ baxımından tam bərabər hüquqlara malikdirlər.
Digər mühüm məqam isə ondan ibarətdir ki, miras yalnız daşınmaz əmlakdan ibarət deyil. Mənzil, torpaq sahəsi, avtomobil, bank hesablarındakı vəsait, qiymətli kağızlar və mərhumun digər əmlak hüquqları da mirasın tərkibinə daxil ola bilər. Eyni zamanda, müəyyən hallarda miras qoyanın öhdəlikləri də miras əmlakı həddində vərəsələrə keçir.
Əgər uşaqlar mirasın bölünməsi ilə bağlı qarşılıqlı razılığa gələ bilirlərsə, bölgü notariat qaydasında rəsmiləşdirilə bilər. Razılıq əldə edilmədikdə isə mübahisə məhkəmə qaydasında həll olunur və məhkəmə hər bir vərəsənin hüququnu qanun əsasında müəyyən edir.
Bir məqamı da vurğulamaq lazımdır ki, mirasın qəbul edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddətlər mövcuddur. Bu müddətlərin ötürülməsi sonradan əlavə hüquqi prosedurlar yarada bilər. Buna görə də vəfat hadisəsindən sonra hüquqi məsələlərin vaxtında həll edilməsi vacibdir.
Nəticə etibarilə, mirasın bölünməsi emosiyalarla deyil, qanunun tələbləri ilə tənzimlənir”.
Ayşən Vəli